Avropalı şərqşünas alim İvan Meznik Beynəlxalq Diaspor Mərkəzinin dəvəti ilə Azərbaycana gəlib.
Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Beynəlxalq Diaspor Mərkəzinin ofisində avropalı qonağın iştirakı ilə deportasiyaya və soyqırıma həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sozü ilə açan BDM sədri İsmayıl Ağayev mərkəzin Avropa ölkələri ilə əlaqələrindən qısa məlumat verib. Deportasiya və soyqırım mövzusuna toxunan BDM-in sədri Avropa İnsan Hüquqları Məhkəməsinə soydaşlarımızın Ermənistan tərəfindən pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı edilən müraciətlər ətrafında fikirlərini bildirib. BDM sədrinin müavini, akademik Vəli Əliyev öz çıxışında 1905-18, 1948-53 cü illər və 1988-ci illərdə erməni və rus bolşevikləri tərəfindən Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarından, indiki Ermənistan ərazisindən qaçqın düşməsi, deportasiya olunması haqda tarixi faktları dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıb. Tədbirdə çıxış edən professor İvan Meznik ilk növbədə terror, deportasiya, soyqırımın nə olduğunu yaxşı bildirdiyini qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və azərbaycanlıların öz ata yurdlarından necə deportasiya olunduğu haqda burada daha geniş məlumat aldığını bildirib. Professor İ. Meznik ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın və deportasiyasının ədalətli həllinin açarının Azərbaycan xalqının öz əlində olduğunu qeyd edib. Dünyanın 14 universitetində mühazirə oxuyan avropalı professor azərbaycanlıların deportasiyası və soyqırıma məruz qalması faktını, Xocalı olaylarını yaşadığı olkənin ictimayyət və kütləvi informasiya vasitələrinin diqqətinə çatdıracağına soz verib. Toplantıda çıxış edən natiqlər müxtəlif fikir və təkliflər irəli sürüblər. Dəyirmi masanın sonunda deportasiya və soyqırımı özündə əks etdirən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablar avropalı qonağa təqdim olunub. Sabah avropalı qonaqlar Quba şəhərindəki kütləvi məzarlığı ziyarət edəcəklər.,
APA