Almaniyanın Frankfurt şəhərindəki "Marriott" otelində Avropa Azərbaycanlıları Konqresinin (AAK) aprelin 14-ü başlanan III Qurultayı başa çatıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultaya Avropanın 25 ölkəsindən 79 nümayəndə və qonaq qatılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının sədri Haqqı Kəskin, Azərbaycan Milli Məclisinin deputatı, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Qurultayı açan AAK prezidenti Natiq Ağamirov bildirib ki, AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərib. N.Ağamirovun sözlərinə görə, AAK Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, ölkənin qarşılaşdığı problemlər barədə Avropa ictimaiyyətini məlumatlandırmağa çalışıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən Nazim İbrahimov bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini vurğulayıb. N.İbrahimov deyib ki, Azərbaycan ətrafında və ümumiyyətlə dünya siyasətində baş verən bu günkü hadisələr diasporumuzun bundan da sıx birləşməsini və daha da güclənməsini zəruri edir.
Nazim İbrahimov son vaxtlarda Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması barədə yayılan xəbərlərlə bağlı Azərbaycan ictimaiyyətinin haqlı narahatlığı barədə danışıb və fikirlərini bölüşüb. N.İbrahimov bildirib ki, Azərbaycanda sərhədlərin açılması məsələsi ciddi şəkildə müzakirə olunur. N.İbrahimov əlavə edib ki, bu gün Türkiyə-Ermənistan sərhədlərinin açılmasına maraq göstərənlər, dəstək verənlər bu birliyi parçalamaq istəyənlər, tarizi zərurət olan türk dünyası birliyinə kölgə salmaq istəyənlərdir. Komitə sədri Azərbaycan ictimaiyyətində sərhədlərin açılması ilə bağlı narahatlıq tendensiyasını əsas götürərək bildirib ki, bizə qardaş olan dövlətin belə bir addım atması yanında dayanan qardaşını itirmək, Azərbaycan-Türkiyə dostluğuna böyük zərbə olardı.
DAK-ın həmsədri Sabir Rüstəmxanlı da müzakirə olunan məsələyə münasibət bildirib və qeyd edib ki, Ermənistanla sərhədləri açmaqla türk dünyasını birliyini pozmaq yolverilməzdir, müxtəlif adlar altında Azərbaycan-Türkiyə dostluğuna zərbə endirməkdir. Millət vəkilinin sözlərinə görə, Türkiyə-Azərbaycan birliyini nəzərə almayan heç bir iqtidar uzun müddət yaşaya bilməz və Türkiyə rəhbərliyi də bu gerçəyi anlayaraq sərhədlərin açılması məsələsini müzakirəsini dayandırdı.
Çıxışlar bitdikdən sonta qurultayın qətnaməsi qəbul olunub. Qətnaməyə görə, Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq 11 təşkilat quruma üzv qəbul edilib. Bundan başqa, qətnamə ilə qərara alınıb ki, AAK-a üzv təşkilatların Qurultayda irəli sürülmüş rəy və təklifləri nəzərə alınmaqla «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində Fəaliyyət Proqramı» əsasında Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramı tərtib edilsin. Sənəddə nəzərdə tutulur ki, 2007-ci il iyul ayının 6-da Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin yaradılması təcrübəsi təqdir edilsin. Bu təcrübənin səmərəliliyini nəzərə alaraq digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici şəxs təyin edilsin.
Qeyd edək ki, qətnaməyə görə, Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçiriləcək. /ANS PRESS/