ATƏT nümayəndələri Goranboyun Tapqaraqoyunlu kəndindədirlər
04 May 2011 Çərşənbə 11:48
Dünən bu kənd ermənilərin intensiv atəşinə məruz qalıb
Bu gün cəbhə xəttində monitorinq keçirməli olan ATƏT nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, İcra Hakimiyyətinin nümayəndələri görüş zamanı ATƏT nümayəndələrinə bildiriblər ki, ötən ay keçirilən monitorinqdən bu günə qədər rayonda atəşkəs 8 dəfə pozulub, cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndi isə dünən 3 saat atəş altında qalıb, atışma zamanı ümumilikdə 109 baş mal-qara qırılıb, 1 mülki şəxs isə minaya düşüb.
Daha sonra ATƏT nümayəndələri İcra Hakimiyyəti nümayəndələri ilə birlikdə Tapqaraqoyunlu kəndinə yollanıb.
Qeyd edƏK Kİ, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Maykl Okonnor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokritix keçirəcəklər.
Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələri cəbhənin Goranboy istiqamətində fəallaşıb. Rayonun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndi gülləboran edilib. Sakinlər bildirib ki, saat 13.00 radələrində ermənilər Tərtərin işğal altındakı Talış kəndi ərazisindən Tapqaraqoyunlu kəndini atəşə tutmağa başlayıb. Daha sonra isə Tərtərin Qazaxlar kəndindən və Tapqaraqoyunlunun 300-metrliyində yerləşən yüksəkliklərdən atəş açılıb.
Qeyd edək ki, atışma kənddəki orta məktəbdə sonuncu dərs qurtaran zaman baş verib. Ancaq məktəbdə tədbir keçirildiyi üçün şagirdlər evlərinə 1 saat tez buraxılıb ki, bu da baş verə biləcək faciənin qarşısını alıb.
Kənd əsasən iriçaplı pulemyotlardan atəşə tutulub. Bunu evlərdə, ictimai binalardakı güllə izlərindən və həyətlərə düşən güllələrdən də aydın başa düşmək olur.
Yalnız Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra ermənilər atəşi dayandırıb. Xoşbəxtlikdən atışma zamanı ölən və ya yaralanan olmayıb.
DOSTLARINLA PAYLAŞ: