ATƏT Azərbaycan Prezidentinin əfv fərmanını alqışladı
27 May 2011 Cümə 00:16
Audronyus Ajubalis: “Bu, bütün ATƏT bölgəsi üçün güclü işarədir”
ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyevin Eynulla Fətullayevin əfv edilməsi barədə qərarını alqışlayır. ANS PRESS-in məlumatına görə, bu barədə bəyanat ATƏT-in rəsmi internet saytında yerləşdirilib.
Audronyus Ajubalisin fikrincə, bu, bütün ATƏT bölgəsi üçün güclü işarədir. O, təşkilata üzv olan ölkələrin hamısını mətbuat azadlığı ilə bağlı öhdəlikləri yerinə yetirməyə və həbsdəki bütün KİV əməkdaşlarını azadlığa buraxmağa çağırıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 90 məhkumu əhatə edib. Cəzasının çəkilməmiş hissəsindən azad edilən məhkumlar arasında “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 27 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Eynulla Fətullayev də var.
DOSTLARINLA PAYLAŞ: