Atəşə məruz qalan Quşçu Ayrım kəndindən xəbər var
03 Avqust 2014 Bazar 17:03
Sakinlər günlərdir atəşə tutulan Quşçu Ayrım kəndini nəinki tərk eləmək istəmir, heç bu barədə düşünmürlər də.
Cəbhə xəttində ötən gecə yaşananları ANS-in Qazaxa ezam olunmuş xüsusi müxbiri Natiq Nailəoğlu da izləyib.
ANS TV-nin məlumatına görə, Qazaxın ən çox atəşə məruz qalan kəndlərindən olan Quşçu Ayrımda ötən gecə yaşananların şahidi olub.
Natiq Nailəoğlu Quşçu Ayrım kəndinin intensiv atəşə məruz qalsa da, sakinlərin kənddən çıxmadığını deyir: "Jurnalist məlumat verib ki, Quşçu Ayrım kəndi köçüb. Ancaq faktiki olaraq millət kənddədir. Görürsünüz özünüz. İndi çıxmaq olar, qadınlar uşaqlar çıxa bilər, hamilə qadınlar çıxa bilər. Əgər əli silah tutan varsa, niyə kimsə buradan çıxmalıdır? Niyə bizim kişilərimiz Vətəni qoyub çıxır ki? Mən buradan çıxım, sən oradan çıx, kim qorusun Vətəni?"
Həsənovlar Quşçu Ayrım kəndində yaşayan sadə ailələrdən biridir. Bir neçə gündür kəndin intensiv atəşə tutulması başqa ailələr kimi onları da ehtiyyatlı davranmağa məcbur edib. Lakin günlərdir atəşə tutulan kəndlərini nəinki tərk eləmək istəmir, heç bu barədə düşünmürlər də. O ki qaldı Quşçu Ayrıma, bu kənd Ermənistan silahlı birləşmələrinin mövqelərindən 200 metr məsafədə yerləşir.
Quşçu Ayrıma daxil olan yollardan birindəyik. Bu yol artıq 5 gündür ki, intensiv olaraq, qarşıda gördüyünüz dağda və həmçinin bu dağın yaxınlığında olan ərazidə yerləşən Ermənistan mövqelərindən mütəmadi atəşə tutulur. Buna görə də yolda sükutdur. Avtomobillərin hərəkəti yalnız gecə saatlarında işıqlarını yandırmadan mümkün olur.
Kənd sakinləri hədəfə tuş gəlməmək üçün ehtiyyatlı davranır və qarşı tərəfin aydın şəkildə müşahidə edə biləcəyi əraziyə çıxmırlar. Günorta saatlarında sükuta qərq olan Quşçu Ayrım gecəyə doğru canlanmağa başlayır. Kənd ağsaqqalları və gəncləri Quşçu Ayrımın mərkəzinə yığışaraq baş verənləri təhlil edir və hadisələrin sonunu səbrlə gözləyirlər.
Kənd sakini Füzuli İsmayılov atəşkəsin adətən gecə saatlarında pozulduğunu deyir: "Bir də görürsən gecə səhərə qədər atırlar. Camaat yatmır. "
Kənd sakini Xədicə Əhmədova evini boş qoyub heç yerə getmək fikrində olmadığını deyir: "Öləcəmsə, burada öləcəm. Bizi qoruyan əsgərlərin canlarına, özlərinə qurban. Bəs onlar bizi niyə qoruyurlar? Onlara güvənib biz də burada dururuq."
DOSTLARINLA PAYLAŞ: