Ata haqqı
06 İyul 2013 Şənbə 01:14
Gültəkin Hacıyeva oğlunun atası Mahmud Mehdiyevlə görüşünə niyə indi icazə verildi?
Sabiq millət vəkili Gültəkin Hacıyeva oğlunun atası Mahmud Mehdiyevlə görüşə icazə verən məhkəmə qərarının siyasi motivli olduğunu deyib.
Mahmud Mehdiyev isə oğlu ilə görüşmək haqqına malik olduğunu bildirir.
Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyevin 9 yaşlı oğlu Toğrulla həftənin bir tam gününü və həftə ərzində 5 dəfə müəyyən edilmiş müddətdə görüşmək hüququnu tanıyıb.
Müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın üzvü Gültəkin Hacıyeva Azadlıq qəzetində dərc etdiyi yazıda "faktiki olaraq” oğlunun əlindən alındığını deyib.
BBC Azərbaycancaya müsahibəsində Mahmud Mehdiyev deyib ki, Gültəkin Hacıyevanın dediklərinə rəğmən oğlunun tərbiyəsi üçün maddi çətinliklərə malik deyil.
“Əgər uşağın tərbiyəsilə bağlı suallar yaranıbsa o, məhkəməyə müraciət edə bilər. Onun hüququ var. Mən də qarşılıqlı addım atacağam”.
Hüquqşünaslar, belə hallarda uşağın hüquqlarının da nəzərə alınmasının vacib olduğunu deyir.
Uşaq hüquqları
“Eyni predmet, eyni hal üzrə Səbail rayon məhkəməsinin qanuni qüvvədə olan 01.05.2006-cı il tarixli qətnaməsi var. Həmin qətnaməyə görə ata uşaqla həftədə bir dəfə görüşə bilərdi. Azərbaycan məhkəmələri bir qayda olaraq belə hallarda məhz həftədə bir, ən çoxu iki görüş təyin edir. Bəs nə dəyişdi ki, məhkəmə əvvəlki qətnamə ilə ziddiyyət təşkil edən qərar qəbul etdi?”, hüquqşünas Əsabəli Mustafayev deyir
Onun fikrincə, çəkişmələrin getdiyi bir vaxtda məhkəmə hökmündə yalnız valideynlər deyil, uşağın da hüquqları nəzərə alınmalı idi.
“Belə məlum olur ki, övlad yarım gün bir yerdə yarım gün isə başqa yerdə qalmalıdır. Burada uşağın tərbiyəsinə kimin məsuliyyət daşıdığı amili ortaya çıxır. Bu övlad üçün də sərt dəyişkənlikdir və onun tərbiyəsinə mənfi təsir göstərə bilər. Zənnimcə məhkəmə bunu nəzərə almalı idi”, - Əsabəli Mustafayev BBC Azərbaycancaya bildirib.
Siyasi motiv
Mahmud Mehdiyev Gültəkin Hacıyevanı məsələni siyasiləşdirilməkdə ittiham edib.
Məhkəmə qərarından sonra Milli Şura hökmü “analoqu olmayan repressiya siyasətinin tərkib hissəsi” adlandırıb.
BBC Azərbaycancaya müsahibəsində Şuranın üzvü Zəfər Quliyev deyib ki, bəyanatında işin bir o qədər hüquqi deyil, siyasi tərəfinə diqqət yetirməyə çalışıb.
“Bu qərardan əvvəl artıq bir aydır ki, hökumətə yaxın saytlarda onun nüfuzuna xələl gətirən məqalələr dərc olunub. Hakimiyyət şəxsi problemlərini Gültəkin xanıma qarşı istifadə etməyə çalışıb. Azərbaycanda məhkəmələr müstəqil deyil. Gültəkin xanımın siyasi fəaliyyətini nəzərə almaqla bizim reaksiyamız təbii görünür”.
Cümə axşamı Nəsimi Rayon Məhkəməsinin 9 yaşlı oğlu Toğrulla atasının ünsiyyətə icazə verməsi barədə hökmü ardınca sabiq millət uzun müddət ərzində atasının oğluna maraq göstərmədiyini deyərək qərarın siyasi fəaliyyətilə bağlı təzyiq forması olduğunu bildirib.
Mahmud Mehdiyev ittihamlara cavab olaraq öz imkanlarından istifadə edən Gültəkin Hacıyevanı oğlu ilə görüşməyə əngəl törətdiyini və hazırda övladı ilə vaxt keçirmək hüqununun tanınmasında qeyri-adi bir şey olmadığı qənaətindədir.
Çəkişmə
“Məhkəmə hökmü var. Qanunsuz bir şey yoxdur ki, vaxtilə deputat olub və heç nəyə razı olmayıb. İndi müxalifətdədir və yenə də heç nə ilə razılaşmır. O məsələni siyasiləşdirir”, - Mahmud Mehdiyev BBC Azərbaycancaya bildirib.
“Tələbkar nə mən millət vəkili olduğum dönəmdə, nə də deputat səlahiyyətlərimə xitam verildiyi 2010-cu ildən keçən üç il ərzində görüş üçün müraciət etməyib. Tələbkar doqquz il ərzində övladı ilə maraqlanmayıb və bir manat da olsun aliment ödəməyib. Azərbaycan Respublikası Ailə Məcəlləsində atanın aliment ödəməməsi onun valideynlik hüququndan məhrum edilməsi üçün əsasdır”, Gültəkin Hacıyevanın sözlərindən iqtibas azadlıq.info saytında yerləşdirilib.
Mahmud Mehdiyev tərbiyə prosesində nə psixoloji nə də maddi çətinliyin yaranmayacağını deyərək guya mənzilə malik olmadığı barədə Gültəkin Hacıyeva adından mətbuatda səsləndirdiyi iddianı həqiqətə uyğun olmadığını deyib.
“Mənzilim də var. Hər cür şəraitim da var”, o, bildirib.
DOSTLARINLA PAYLAŞ: