AŞPA-nın yaz sessiyası Azərbaycan üçün əhəmiyyətli olacaq
23 Mart 2011 Çərşənbə 19:49
Səməd Seyidov: “Apreldə keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı xüsusi məsələ qaldırılmasa da, komitələrdə müzakirələr aparılacaq”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası Azərbaycan üçün əhəmiyyətli olacaq. Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, apreldə keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı xüsusi məsələ qaldırılmasa da, komitələrdə müzakirələr aparılacaq. Onun sözlərinə görə, ən əsası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılmış alt komitənin işinin təşkili və fəaliyyət istiqamətləri barədə müzakirələr aparılacaq.
S.Seyidov deyib ki, bu komitənin fəaliyyəti Azərbaycan üçün xeyirli olacaq, Dağlıq Qarabağ probleminin həlli yolunda fəaliyyətimizə öz töhfəsini verəcək.
O, Ermənistanın alt komitənin işinə zaman-zaman əngəllər törətdiyini xüsusi qeyd edib: “Təcavüzkar tərəf həmişə çalışmışdır ki, münaqişənin həllinə əngəllər yaratsın. Bu məqsədlə Ermənistan tərəfi Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmamasına çalışır. Onlar beynəlxalq qanunları kobud şəkildə pozaraq başqa bir ölkənin ərazisini işğal ediblər və dünya ictimaiyyətinə bu cinayətlərlə bağlı cavab vermək o qədər də asan məsələ deyildir. Onlar bundan sonra da əngəllər yaratmağa çalışacaqlar. Amma, Azərbaycan tərəfi komitənin işini yüksək səviyyədə təşkil etmək üçün öz mövqeyini ortaya qoymağa hazırdır”.
DOSTLARINLA PAYLAŞ: