ARDNŞ ərazilərindəki evlərin sökülməsi üçün 3000 iddia qaldırıb
21 May 2011 Şənbə 13:31
4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanıb.
ARDNŞ-nin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları Azərbaycan Respublikasının dəniz və quru ərazilərini əhatə edir. Qurudakı əməliyyatlar əsasən, Abşeron yarımadası ərazisində həyata keçirilir. Hal-hazırda Bakı şəhərinin Səbail, Qaradağ, Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı, Nizami və Xətai rayonlarının inzibati ərazilərində, eləcə də Abşeron rayonunda ARDNŞ-nin, o cümlədən müvafiq Hasilatın Pay Bölgüsü Sazişlərinə əsasən fəaliyyət göstərən Əməliyyat Şirkətlərinin bir sıra strateji obyektləri, neft və qazçıxarma mədənləri, neft emalı zavodları, qazma, nəqliyyat və s. idarələri yerləşir.
Geniş ictimaiyyətə də məlum olduğu kimi, son dövrlərdə bu müəssisələrin yerləşdiyi ərazilərə, xüsusilə də mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxu bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunmuşdur. ARDNŞ, onun müəssisə və təşkilatları istər ayrı-ayrı zəbtolunma halları, istərsə də həmin problemlərin ümumi vəziyyəti barədə aidiyyəti icra, hüquq-mühafizə və bələdiyyə orqanlarına dəfələrlə çoxsaylı müraciətlər etmişdir. Həmçinin pozulmuş hüquqlarının bərpası məqsədilə ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində 3000-ə (bunlardan 2000-nə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır) yaxın iddia qaldırılmış və 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanmışdır. Haqqında məhkəmə iddiası qaldırılan və qaldırılması planlaşdırılan tikililər son dövrlərdə aparılmış tikintilərlə bağlı olmuşdur. Rəqəmlərdən göründüyü kimi özbaşına tikililərin məhkəmə qaydasında mübahisələndirilməsi kütləvi şəkildə aparılır və bu zaman müvafiq hüquq təsdiqedici sənədlərə və peyk çəkilişlərinin nəticələrinə istinad edilir. Belə ki, hər ay həmin ərazilər üzrə peyk çəkilişləri aparılır və hansı tikililərin yeni olduğunu müəyyənləşdirmək çətinlik törətmir. Tikililərin hansı dövrdə aparıldığını müəyyən etməkdə əsas məqsəd bu ərazilərdə uzun müddət bundan əvvəl salınmış yaşayış məntəqələrindən fərqli olaraq, son zamanlarda böyük vüsət almış qanunsuz zəbt olunmalarının qarşını almaqdır. Qeyd olunmalıdır ki, məhkəmələrin bu işlərlə bağlı qanuni qüvvəyə minmiş qərarları olsa da, ARDNŞ tərəfindən insanların uzun müddət məskunlaşdığı yaşayış sahələrinin sökülməsi məqsədi güdülmür. Şirkətin bu istiqamətdə fəaliyyəti qanuni istifadəçilərin neft-qaz əməliyyatlarının aparılmasında maneələrin aradan qaldırılmasına yönəlmişdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: