ARDNF səhmlərin alınmasına vəsait yönəltməyəcək
27 Avqust 2011 Şənbə 19:01
Ekspert: “Fondun yeni investisiya strategiyası işləyib hazırlaması olduqca vacibdir”
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xarici bazarlarda ayrı-ayrı şirkətlərin səhmlərinin alınmasını artırmaq niyyətində deyil. Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun fikrincə, hazırda dünya maliyyə bazarlarında vəziyyət qeyri-sabitdir və sabitlik bərpa olunmayana qədər ARDNF səhmlərin alınmasına vəsait yönəltməyəcək.

Xatırladaq ki, hazırda Avropada borc böhranı yaşanır. Bu da dünya maliyyə bazarlarına ciddi şəkildə mənfi təsir edir. Qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyi isə məlum deyil. Bu səbəbdən də Dövlət Neft Fondu səhmlərin alışı istiqamətində gözləmə mövqeyi tutub. Fond xarici bazarlarda səhmlərin alınmasına vəsait yönəltməyəcək.

Iqtisadi və Sosial İnkişaf Mərkəzinın rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ARDNF-ın xarici bazarlarda ayrı-ayrı şirkətlərin səhmlərinin alınmasına vəsait yönəltməyəcəyi barədə qərarını yubanmış qərar kimi qiymətləndirir. Onun sözlərinə görə, Dövlət Neft Fondu vəsaitlərini daha çox Amerika Birləşmiş Ştatlarının federal istiqrazlarının alınmasına yönəldir: “Amerikadakı böhran göstərir ki, bu tip böhranlardan dövlət istiqrazları belə sığortalanmayıb. Dövlət Neft Fondunda isə aktivlərin idarə edilməsi ilə bağlı aydın strategiya yoxdur. Fond prosesləri öncədən proqnozlaşdırmaq əvəzinə daha çox arxasınca sürünür. Bu da fondun aktivlərinin idarə edilməsindən əldə olunan vəsaitlərin həcminin artımına imkan vermir”

Mütəxəssis deyir ki, cari ilin 6 ayında fondun gəlirləri 9,9 milyard dollar olub: “Gəlirlərin 9,74 milyard dollar məhz neft və qaz satışından əldə olunan vəsaitlər təşkil edib. Bu arada, Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi vəsait cəmi 170,8 milyon dollar təşkil edib. Vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə fondun gəlirlərinin cəmi 1,7 faizi qədər olub. Deməli, gəlirlərin idarə olunmasından əldə edilən vəsait fondun gəlirlərində əhəmiyyətli paya malik deyil. Fondun gəlirləri gəlirlərin idarə edilməsindən deyil, neftin dünya bazar qiymətindən asılıdır. Bu da fondun gəlirlərinin davamlılığı baxımından təhlükəlidir.”

V.Bayramov fondun gəlirlərinin neftin dünya bazar qiymətinin yüksələn zamanlarda artdığını deyir: “Fondun malik olduğu aktivlərin idarə edilməsindən əldə olunan vəsaitlər kiçidir. Bu da əslində vəsaitlərin Neft Fondu tərəfindən idarə edilməsindən deyil, vəsaitlərin fond tərəfindən saxlanmasından xəbər verir. Bütün hallarda idarə olunan vəsaitlər əlavə gəlir gətirməlidir. O baxımdan fondun yeni investisiya strategiyası işləyib hazırlaması olduqca vacibdir. Həmin strategiyada vəsaitlərin necə yerləşdirilməsi, yığım, yoxsa investisiya formasında saxlanılması, hansı hissəsinin yığıma, hansı hissəsinin isə investisiyaya yönəldilməsi məsələlərinə diqqət yetirilməlidir. Fondun investisiya strategiyası dünya bazarında baş verən proseslərin sonradan nəzərə alınmasını deyil, öncədən proqnozlaşdırılması, qlobal tendensiyaların təyin edilməsi üzərində qurulmalıdır. Əks halda fondun investisiya siyasəti vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin artımına imkan verməyəcək”.

Ekspertin fikrincə, fondun qısamüddətli deyil, uzunmüddətli investisiya strategiyası olmalıdır: “Bu strategiya vəsaitlərin idarə olunması ilə bağlı müxtəlif alternativləri müqayisə etmək və daha uyğununu seçmək imkanı verməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar