Arazın yeni qolu ilə cəmi 25 kub su axıdılır
11 İyun 2010 Cümə 23:35
Arazın yeni qolu ilə cəmi 25 kub su axıdılır. Mingəçevir su anbarında da suyun səviyyəsi azalıb.
Kür və Araz çaylarında suyun səviyyəsində müşahidə olunan enmə davam edir. Bu gün Araz çayından Bəhrəmtəpə hidroqovşağı ərazisində saniyədə 180 kub metr su keçir. Bunun 120 kubu hidroqovşağa, 60 kubu isə yeni qola yönəldilib. Yeni qoldakı suyun 35 kubu İmişlinin 3 kəndini, o cümlədən Biləsuvar və Cəlilabad rayonlarını suvarma suyu ilə təmin edir. Artıq qalan 25 kub su isə yeni qolla buraxılır. bəhrəmtəpə Hidroqovşağı İstismar İdarəsinin rəisi Mirqoca Mirişov bildirib ki, çayda suyun səviyyəsi aşağı düşən kimi yeni qol İmişlinin Çaxırlı kəndi ərazisindəki dəmir körpünün hər iki tərəfindən torpaq bəndlə bağlanacaq. Onun sözlərinə görə, Yeni Əzizbəyov kanalını su ilə təmin etmək üçün bu olduqca zəruridir.

Hidrovşağın rəisi onu da bildirib ki, Arazın yeni qolu İmişli və Biləsuvar rayonlarının sərhədinə qədər irəliləyərək orada dayanıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən isə bildiriblər ki, Bəhrəmtəpə-Biləsuvar yolu üzərində qurulan və yalnız minik maşınlarının istifadə edə bildiyi dəmir körpü müvəqqəti qurulub və burada beton körpünün tikilməsi üçün layihə hazırlanır.
Kürdə suyun səviyyəsinə gəlincə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanovun verdiyi məlumata əsasən, çaydan hazırda 1788 kub metr su keçir. Onun sözlərinə görə, son günlərdə Kürdə suyun səviyyəsi aşağı düşsə də, bu gün Sabirabad ərazisində 1 santimetr yüksəlmə qeydə alınıb. Mingəçevir su anbarında isə 1 santimetr azalma müşahidə edilib. Su anbarında ümumi səviyyə 83 metr 12 santimetrə düşüb. Hazırda su anbarına 960 kub su daxil olursa, bunun 900 kubu Kürə axıdılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar