Arazın səviyyəsi qəfildən aşağı düşüb
09 İyun 2010 Çərşənbə 23:05
Bu isə suyun yeni qolla irəliləməsi üçün ciddi maneə yaradır.
Araz çayında suyun səviyyəsi qəfildən aşağı düşüb. Yeni açılan qolda isə texniki qurğuların tikilməsi planlaşdırılır. ANS-in bölgə müxbirinin vediyi məlumata görə, ilk günlər yeni qolunun başlanğıcında saniyədə 150-200 kub metr su keçirdisə, dünəndən Arazın səviyyəsi gözlənilmədən aşağı düşüb. Hazırda yeni qoldan cəmi 30 kub metr su keçir. Bu isə suyun yeni qolla irəliləməsi üçün ciddi maneə yaradır.

Hazırda Arazın Mil-Muğan kollektorundan saniyədə 200 kub metr su keçir. Bunun 145 kub metri Bəhrəmtəpə suqovşağına gəlib çıxır. Lakin yolboyu Araza qoşulan kiçik çaylar Bəhrəmtəpə ərazisində də suyun həcminin 200 kub metrə çatmasına imkan yaradır. Bu suyun 80 kubu Kürə, 90 kub metri suvarma kanallarına, 30 kub metri isə yeni qola yönəldilir. Bəhrəmtəpə Suqovşağı İstismarı İdarəsindən bildiriblər ki, adətən yay aylarında Arazda suyun səviyyəsi minimuma enir. Bu səbəbdən də hətta bəzən buradan qidalanan kanalların belə suvarma suyu ilə təmin etmək çətin olur.

Bölgə müxbirinin sözlərinə görə, Çaxırlı kəndi ərazisində tikilən yeni körpünün sağ və sol sahillərində yeni qol torpaq bəndlə bağlanır. Bəhrəmtəpə Suqovşağı İstismar İdarəsinin rəisi Mirqoca Mirişov bildirib ki, yeni qol hər iki tərəfdən bağlanandan sonra burada “düker”, yəni suqovşaqdan Arazın yeni qolunun altından keçmək şərti ilə borular quraşdırılacaq. Onun dediyinə görə, bu, İmişlinin üç kəndini, Biləsuvar və Cəlilabad rayonlarını suvarma suyu ilə təmin etməyə imkan yaradacaq.

“Ona görə də biz qabaqlayıcı tədbir kimi həmin kanalların istiqamətində yeni qolda bəndvurma işləri aparırıq. Burada məqsəd Yeni Əzizbəyov və Köhnə Əzizbəyov kanalları vasitəsi ilə birbaşa Bəhrəmtəpə suqovşağından həmin rayonları suvarma suyu ilə təmin etməkdir”,- deyə Mirqoca Mirişov bildirib.

“Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov bildirib ki, Arazın hazırkı vəziyyəti bir o qədər də narahatlıq törətmir. Bu il yeni qolun açıldığı hissədə mühəndis texniki qurğular tikiləcək və gələcəkdə buradan 500 kub metrə yaxın su buraxmaq imkanı olacaq.

Onun sözlərinə görə, yeni tikilən körpülər və digər kommunikasiya vasitələri yeni qolun növbəti mərhələdə istifadə olunmasını tam asanlaşdıracaq. Kürdə suyun səviyyəsinə gəlincə, bu gün çaydan 1890 kub metr su keçir. Çayda suyun səviyyəsi 19 santimetr aşağı düşüb. Hazırda su anbarına 1041 kub metr su daxil olursa, onun 956 kub metri Kürə axıdılır. Mingəçevirdə son günlərdə olduğu kimi 1 sm azalma qeydə alınıb. Hazırda su anbarında suyun səviyyəsi 83 metr 15 sm-dir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar