Aqşin Mehdiyev BMT baş katibinə məktub ünvanlayıb
17 Avqust 2011 Çərşənbə 11:36
“Ermənistan prezidenti xalqı qonşu ölkələrlə sülh və dostluq şəraitində yaşamağa hazırlamaq əvəzinə, gəncləri yeni müharibələrə və zorakılıqlara sürükləyən çağırışlar edir”


Vaşinqton. İzabel Levin-APA. Azərbaycan son ayda ikinci dəfə BMT-nın diqqətini erməni təxribatı nəticəsində 13 yaşlı azərbaycanlı qızın öldürülməsinə yönəldib. Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT mətbuat mərkəzindən məlumat veriblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT baş katibinə yeni məktub göndərib.

Məktubda deyilir: “Son aylarda cəbhə bölgəsində yaşayan dinc azərbaycanlı əhali arasında itkilərin çoxalması onu göstərir ki, Ermənistan beynəlxalq hüquq qarşısında və münaqişənin nizamlanma prosesi kontekstində üzərinə düşən öhdəlikləri yerinə yetirmir. 2011-ci il mayın 26-da Fransa, Rusiya və ABŞ prezidentləri Dovildə qəbul etdikləri birgə bəyanatda hər iki tərəfi öz əhalilərini müharibəyə deyil, sülhə hazırlaşdırmağa çağırmışdılar. Erməni tərəf bu çağırışa özünəməxsus şəkildə cavab verdi və cəbhə boyu Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə qarşı hücumları intensivləşdirdi. Eyni zamanda Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yönəlmiş düşməncəsinə bəyanatları da tez-tez səslənməyə başladı”.

Səfir Mehdiyev qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyan öz hökumətinin regionda konstruktiv sülh axtarışında olması barədə yaratdığı mifi də birdəfəlik dağıdıb.

“2011-ci il iyulun 25-də Ermənistanın Qara Çiçək (Tsaxkadzor) şəhərində keçirilən erməni dili və ədəbiyyatı olimpiadasında Sərkisyan ölkəsinin gənclərini region xalqları arasında nifrət və inamsızlıq yaradan siyasət yürütməyə çağırıb. Bir tələbənin Ermənistan ərazisinin qonşu Türkiyənin hesabına genişlənməsi barədə verdiyi sualı cavablandırarkən, Sərkisyan bildirib ki, bu vəzifə yeni nəslin öhdəsinə düşür. O, “vətənimiz” adlandırdığı Qarabağın işğal edilməsini buna misal çəkib”.

“Ermənistan prezidenti xalqı qonşu ölkələrlə sülh və dostluq şəraitində yaşamağa hazırlamaq əvəzinə, gəncləri və gələcək nəsilləri yeni müharibələrə və zorakılıqlara sürükləyən çağırışlar edir”.

“Prezident Serj Sərkisyan zərərli fikirlərini 2011-ci il iyulun 28-də İrəvanda Polşa prezidenti ilə keçirdiyi mətbuat konfransında da davam etdirib. Ermənistan prezidentinin fikrincə, “Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun pozulması nəticəsində yaranıb”.

“Azərbaycan erməni tərəfin tarixlə bağlı fikirlərini saxta hesab edir və bildirir ki, Ermənistan bu bəyanatlarla beynəlxalq birliyi çaşdırmaq və zorakı ərazi ekspansionizmi siyasətinə haqq qazandırmaq məqsədi güdür. Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini “tarixi torpağımız”, “vətənimiz” adlandırması buna parlaq misaldır. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində erməni olmayanlara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində həmin ərazilərdə mono-etnik mədəniyyət yaratmış Ermənistan rəhbərliyi özünün anneksionist niyyətlərini çox əvvəl göstərib. Bu niyyətlərin kökündə isə tarixi illüziyalar və irqi düşmənçilik durur”.

“Ermənistan rəsmilərinin nümayişkaranə çıxışları regionun dinc və firavan gələcəyinə qarşı yönəlib. Azərbaycanın mülki əhalisini, o cümlədən uşaqları hədəfə almaq, ictimai fikirlə manipulyasiya etmək, beynəlxalq ictimaiyyətdə səhv fikirlər yaratmaq cəhdləri göstərir ki, ermənilər sülh istəmirlər və geniş miqyaslı qeyri-sabitlik yaratmağa çalışırlar”.

“Biz inanırıq ki, Ermənistan rəhbərliyi fitnəkar siyasətindən əl çəkməyə məcbur olacaq, Azərbaycan ərazilərinin işğalına son qoyacaq, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkəcək və regionun dövlətləri ilə sivil münasibətlər quracaq. Azərbaycan Respublikası ürəkdən inanır ki, sülhə, sabitliyə və qarşılıqlı xeyir gətirən regional əməkdaşlığa alternativ yoxdur”.

Səfir Mehdiyev diqqəti atəşkəsin Ermənistan Silahlı Qüvvələri tərəfindən tez-tez pozulmasına da yönəldib.

Xatırladaq ki, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir zabiti həlak olub, iki mülki azərbaycanlı isə ağır yaralanıb. 13 yaşlı azərbaycanlı qız isə erməni təxribatı nəticəsində həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar