Apellyasiya instansiyası iş adamının cəzasını ağırlaşdırdı
04 Dekabr 2009 Cümə 17:00
Apellyasiya instansiyası iş adamının cəzasını ağırlaşdırdı. “Şakir” MTK-nın rəhbəri 9 il 4 ay azadlıqdan məhrum edildi.
Bakı Apellyasiya Məhkəməsində “Şakir” MTK-nın rəhbəri və şirkətin digər əməkdaşlarının apellyasiya şikayətinə baxılıb.
Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, hakim Faiq Qasımovun sədrlik etdiyi məhkəmə Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin hökmünü qismən dəyişib və Şakir Hüseynov 9 il 4 ay azadlıqdan məhrum edilib. Onun qardaşları Vidadi Hüseynov, İlham Hüseynov, Əşrəf Orucovun və Telman Səlimovun cəzası dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Şakir Hüseynov 2009-cu ilin iyun ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dələduzluqda ittiham olunaraq 5 il sınaq müddəti olmaqla 10 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. O, məhkəmədə zərərçəkmiş şəxsləri evlə təmin edəcəyini söz verib və bunun müqabilində məhkəmə zalından azadlığa buraxılıb. Bundan sonra zərərçəkmişlər apellyasiya şikayəti verərək onun və şərti cəzaya məhkum olunmuş digər şirkət işçilərinin həbs olunmasını tələb ediblər. Apellyasiya prosesinin gedişi zamanı məhkəmə zərərçəkmişlərin vəsatəti əsasında Ş.Hüseynovun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmiş və o, məhkəmə zalında həbs olunmuşdu.
Xatırladaq ki, Ş.Hüseynov Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində qəzalı vəziyyətdə yaşayış binası tikib və vətəndaşları aldadaraq həmin binalardakı mənzilləri onlara satıb. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb. Vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.
Onu da qeyd edək ki, Ş.Hüseynovun qətlə yetirilən iş adamı Xanbəyi Zamanovla üzun müddət məhkəmə çəkişməsi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: