ANS TV-nin tamaşaçılarını sürpriz gözləyir
25 Avqust 2009 Çərşənbə Axşamı 17:10
Proqramlaşma Departamentinin rəisi: "Bu mövsüm efirin adını “Ulduzlu gecələr” qoymuşuq"
Sentyabrın 1-dən etibarən ANS TV yeni mövsümə start verəcək. Yeni mövsümdən ANS-in efirində yayımlanacaq verilişlər və yeni layihələr barədə informasiya almaq məqsədilə ANS TV-nin Proqramlaşma departamentinin rəisi Rəşad Məmmədovla əlaqə saxladıq.

- Yeni mövsümdən ANS TV tamaşaçıların önünə hansı yeniliklərlə çıxacaq?

- Sentyabr ayının 1-dən etibarən televiziyamızda yeni mövsüm start götürəcək. Yeni mövsümdən biz ANS TV olaraq tamaşaçıların qarşısına çoxsaylı yeniliklər və sürprizlərlə çıxacağıq. ANS TV hər yeni mövsümdən daha fərqli yeni layihələri reallaşdırır. Bu mövsüm efirin adını “Ulduzlu gecələr” qoymuşuq. Bunun mənası isə ondan ibarətdir ki, sentybrın 1-dən həftənin 7 günü saat 22:00-dan 23:00-dək efirimizdə məşhur insanlar proqramlar aparacaq.

- Bəs aparıcılar kimlər olacaq?

- Bunlar Mirşahin Ağayev, Nailə Muradxanlı, Orxan Fikrətoğlu, Elmir Əkbər, ANS TV-də yayımlanan “Qatıq” verilişinin aparıcısı Tural və digər məşhur insanlar olacaq.

- Yeni mövsümdən hansı yeni verilişlərə start veriləcək?

- Yeni efir üzü görən verilişlərdən “El bilir ki...” verilişinin adını çəkə bilərəm. Bu verilişin aparıcısı müğənni Elnarə olacaq. Bundan başqa həftəiçi 5 gün saat 10:00-dan 13:00-dək aparıcı Turanın təqdimatında “Günəbaxan” verilişi də yayımlanacaq.

- Tamaşaçılar yeni seriallar gözləsinlərmi?

- Sentyabr ayından ANS TV-nin efirində 4 xarici serial yayımlanmağa başlayacaq. Bunlardan ikisi Rusiya kinematoqrafçılarının istehsalı olan seriallardır. Yeni yayımlanmağa başlayacaq “Ostroq” efirimizdə göstərilən “Zona” serialının davamı olacaq. Burada əsasən həbsxana həyatı və kriminal ünsürlərdən bəhs olunacaq. İkinci rus serialı isə “Atlantida” adlanır. Digər bir serial Argentina kinematoqrafçılarının istehsalı olan “Ehtiraslı qisas” adlanır. Bu serialı müasir “Romeo və Culyetta” da adlandırmaq olar. Nəhəyət ki, sonuncu əcnəbi serial İtaliya istehsalı olan “Sospetti”dir. Bu serial məşhur “Sprut” serialının oxşarıdır.

- Bu filmlər Azərbaycan teleməkanında nümayiş etdilibmi?
- Adını çəkdiyim bu serialların yayım hüququnu ANS TV əldə edib. Seriallar eksklüziv olaraq ANS TV-də yayımlanacaq.

- Azərbaycan kinematoqrafçılarının istehsalı olan seriallar ANS TV-də göstəriləcəkmi?

- Bu mövsümdən etibarən “Bakı film”in istehsalı olan “Qoç döyüşü” serialı nümayiş etdiriləcək. Serial intriqa və döyüş səhnələri ilə zəngin olacaq.

- Yayım keyfiyyətində hər hansı yenilik gözlənilirmi?

- Bu yaxınlarda ANS TV-nin yayımında 15 saatlıq fasilə baş vermişdi. Bu, müasir və rəqəmsal avadanlığın quraşdırılması ilə əlaqədar idi. Yeni mövsümdən etibarən tamaşaçılar daha keyfiyyətli yayıma şahid olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar