ANS-in qeydiyyatdan keçməsindən 21 il ötür
09 Mart 2013 Şənbə 06:02
ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci il martın 9-da müsbət cavab alıb.
Bu gün Azərbaycan məkanında, o cümlədən də keçmiş Sovet ölkələri arasında ilk özəl, müstəqil telekanalın qeydiyyatdan keçdiyi gündür. Düz 21 il əvvəl ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci ilin martın 9-da müsbət cavab alıb. Amma bu günə aparan yollar heç də hamar olmayıb. ANS-in təsisçiləri Vahid, Seyfulla Mustafayevlər və Mirşahin Ağayev hələ 1991-ci ilin noyabr ayından, efirə ilk dəfə çıxandan sonra belə qərar verirlər ki, şirkət regionda ilk müstəqil telekanal kimi rəsmi qeydiyyatdan keçməlidir. Bir sıra rəsmi qurumlarla danışıqlar başlanır. Amma nəinki Azərbaycanda, ümumiyyətlə Sovet İttifaqında müstəqil televiziyanı qeydiyyata almaq mexanizmi olmadığından müxtəlif qurumlardan müxtəlif bəhanələr gəlir.

Ədliyyə Nazirliyi isə ölkədə yeni müstəqil televiziyanın açılması üçün dövlət televiziyasından icazə almağı təklif edib. Beləliklə, 1992-ci il martın 9-da ANS təsisçilərinin müraciətinə müsbət cavab verilir. Fəaliyyətinə “Xəbərçi” ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə tamaşaçılarının qarşısındadır.

"Bizim üçün Azərbaycanda Sovet ənələri ilə müstəqil, dəqiq və qərərsiz televiziya, ümumiyyətlə, informasiya vasitəsi yaratmaq çox çətin idi. Bizim bütün səylərimiz, müstəqil, obyektiv şəkildə hansısa məlumatı tamaşaçılara çatdırmağımız hər zaman elə həmin auditoriya tərəfindən ikimənalı qarşılanırdı. İnsanlar gözləyirdilər ki, biz kiminsə tərəfini saxlayaq. Yəni televiziya təbliğatçı, kiminsə mənafelərini qoruyan bir qurum olaraq insanların şüurunda qalırdı. Lakin bunu dağıtmaq lazım idi. Bu çətin məsuliyyət ANS-in üzərinə düşdü”, - deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məsələ ilə bağlı fikirlərini açıqlayarkən söyləyib.

V.Mustafayev qeyd edib ki, 1992-ci ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra bu proseslər daha rahat həyata keçməyə başlayıb: "Biz Heydər Əliyevin gəlişi ilə vəziyyətin daha da sərtləşməsini gözləyirdik. Lakin o bizim gözümüzün qarşısına demokratik insan kimi çıxdı və doğrudan da mediaya çox böyük dəstək verdi. Biz bu demokratik mətbuatı Azərbaydana inkişaf etdirə bildik".

Hazırda Azərbaycanda fəaliyyət göstərən televiziyalar 3 hissəyə bölünür. Bunlar bütün ölkə üzrə yayımlanan, ayrı-ayrı regionları əhatə edən və son vaxtlarda yaranan kabel televiziyalarıdır. Birinci kateqoriyaya, yəni ölkənin bütün ərazisində yayımlanan 8 telekanal daxildir. Onların içində ilk olaraq 1955-ci ildə yaradılan və 14 fevral 1956-cı ildə yayıma başlayan Azərbaycanın Dövlət Teleradio Verlişləri Şirkəti də var. Bu dövlət telekanalından sonra Azərbaycanın və ümumiyyətlə MDB-nin ilk özəl teleşirkəti olan ANS 1992-ci ilin bu günündə müstəqil telekanal kimi fəaliyyətə başlayıb və özündən sonra yeni müstəqil telekanalların yaradılmasına yol açıb. Belə ki, 5 illik fasilədən sonra, 1997-ci ilin yanvarın 10-da ölkə ərazisini əhatə edən ikinci müstəqil televiziya, “Space” televiziyası yaradılıb. İki il sonra Azərbaycanın teleməkanına daha bir telekanal daxil olur. Bu, 28 dekabr 1999-cu ildə yaradılmış "Lider" televiziyasıdır. XXI əsrin ilk illərində, daha bir kanal öz verilişləri ilə Azərbaycan tamaşaçılarının ixtiyarına verilib. Bu, 25 dekabr 2002-ci ildən fəaliyyətə başlayan “Azad Azərbaycan” telekanalıdır. Növbəti, Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalının bazasında yaradılmış və 29 avqust 2005-ci il tarixində fəaliyyətə başlamış "İctimai" televiziyasıdır. Daha sonra isə 2007-ci ildə “Xəzər” televiziyası yaranır. Azərbaycanda hazırda mövcüd olan telekanalların ən gənci “ATV İnternational”dır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar