ANS-in adından istifadə edən fırıldaqçılar
04 Mart 2010 Cümə Axşamı 22:50
Bir qrup reket jurnalist Pirşağı sakinlərindən pul yığıb
Bir qrup reket jurnalist Qızılqum sanatoriyasında sakinlərdən qaz problemi ilə bağlı çəkiliş qrupuna, yəni ANS-ə pul yığmaq adı altında fırıldaqçılıq edib.

ANS-in “qaynar xətt”inə zəng edən bir nəfər Pirşağı sakini xəbər verib ki, Qızılqum sanatoriyası ərazisində, Hüseynbala Əliyev küçəsində yaşayanlardan 10 manatdan pul yığılıb ki, ANS-in çəkiliş qrupuna verək, onlar da bizim küçəyə qaz çəkdirsinlər.

Həqiqətən də sakinlərdən fevralın 10-11-də ANS-in çəkiliş qrupuna vermək adı altında pul yığılıb.

Araşdırmalar zamanı məlum olub ki, bu məsələdə Sevda adlı qadın adamlardan pul yığıb bura ANS-in əməkdaşlarını gətirəcəyinə dair camaata verdiyi vəddən sonra həqiqətən də burda bir jurnalist peyda olub. Vasif adlı bu jurnalist qaz sahəsinin rəisi Firuz müəllimlə birlikdə gəlib və adamlarla görüşüb.

Həmin jurnalist isə Qızılqum sanatoriyası ərazisinə ANS-in əməkdaşı kimi yox, əməkdaşı olduğu “Qulaqburması” jurnalının adından gəldiyini bildirir.

Məsələyə “Qulaqburması”nın baş redaktoru Ədalət Həbibəyli qarışdıqdan sonra məlum olub ki, ANS-in adından pul yığıb sonra da ortadan qeyb olan Sevda ilə bu adamlar tanışdılar. Hər halda, baş redaktor özü etiraf edib ki, Sevda adlı qadın onun kabinetində olub və Pirşağıdakı Hüseynbala Əliyev küçəsinin qaz problemindən də onları bu qadın xəbərdar edib.

Ən maraqlısı da odur ki, bütün bu hoqqabazlıqlarda Pirşağı qaz sahəsinin rəisi Firuz müəllim şəxsən iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar