Anar Məmmədov: Qolfun Azərbaycanda ən kütləvi idman növlərindən biri olacağına inanıram
02 Avqust 2012 Cümə Axşamı 14:18
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov idmanın bu növünün ölkəmizdə inkişafından və federasiyanın planlarından danışır.
2012-ci il Azərbaycan qolfu üçün çox önəmli il oldu. Əslində bu ili Azərbaycanda qolfun yeni idman növü olaraq yaranma tarixi də hesab etmək olar. Çünki Azərbaycan Qolf Federasiyasının yaradılması, Qubada regionun ən böyük qolf sahəsinin inşasına başlanılması və qolfun təbliğatı istiqamətində geniş kampaniyaya start verilməsi məhz bu ilə təsadüf edir. Müsahibimiz Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədovla elit idman növü sayılan qolfun Azərbaycanda geniş kütlələrə necə sevdirməyi planlaşdırdıqlarından və federasiyanın planlarından söhbət açdıq:

- Anar müəllim, Qolf Federasiyasının yaranmasında məqsəd nədir?

- Azərbaycan Qolf Federasiyası bu ilin əvvəlində yaradıldı və federasiyanın missiyasına Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirmək daxildir. Fəaliyyət göstərdiyimiz qısa dövr ərzində müəyyən ciddi işlər görə bilmişik. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanda qolfun inkişafı strategiyasını hazırlayırıq. Artıq ölkəmizdə yeni qolf meydançaları yaranmaqdadır. Bu yaxınlarda mən özüm Bakıda yeni qapalı qolf meydançasının açılışında iştirak etdim. Hazırda Qubada çox böyük qolf sahəsinin tikintisi gedir. Siz çox yaxşı bilirsiniz ki, Azərbaycanda idmanın bütün növlərinin ciddi inkişafı müşahidə olunur. Bu sahə cənab prezidentin birbaşa diqqəti altındadır və həm idmanın özü, həm də əhali arasında ona olan maraq ciddi şəkildə artmaqdadır. Biz istəyirik ki, eyni tendensiya qolfla da bağlı olsun.

- Qolf dünyada daha çox elit idman növü sayılır. Onu hansı şəkildə geniş kütləyə sevdirməyi planlaşdırırsınız?

- Çoxəsrlik tarixə malik, nəcib idman növü kimi bütün dünyada məhşurlaşması və əsrin əvvəllərində Olimpiya idman növü olmasına baxmayaraq bizim cəmiyyət qolfa “ehtiyatlı” münasibət göstərir. Bu idman növünün yalnız elitaların sevimli məşğuliyyəti olması kimi stereotiplər Amerika, Avropa, Avstraliya və Şərqi Asiya ölkələrində aktual deyil. Bu ölkələrdə milyonlarla insan qolf oynayır.

Lakin qolfun ən böyük özəlliklərindən biri etiket və mədəniyyətin bu idman növünün ayrılmaz hissəsi olmasıdır. Qolf oyunu zamanı digər idman növlərində olduğu kimi ədəbsiz ifadələr istifadə etmək, mübahisə etmək, emosiyaları büruzə vermək olmaz. Əksinə oyun zamanı hər kəs bir-birinə dəstək olmağa çalışır. Burada bir növ psixoloji gərginlikdən azad olmanın elementləri var.

- Qolf idman növü olmaqla yanaşı, həm də ünsiyyət platforması sayılır.

- Əhval-ruhiyyəsindən asılı olaraq hər kəs qolfdan almaq istədiyini alır. Qolfu sizə xoş olan insanların əhatəsində oynaya bilərsiniz. Sirr deyil ki, dünyada qolf yeni əlaqələrin qurulması, biznes imkanların əldə olunması üzrə əsas kanallardan biri hesab olunur. Amerikada deyirlər ki, bütün böyük sövdələşmələrin 90 faizi qolf sahələrində əldə edilir. Təbii ki, bu raundlar zamanı deyil, sonra olunur. Bunun əsas səbəblərindən biri də odur ki, raundlar zamanı siz qolf oynadığınız insanın psixoloji və işgüzar portretini müəyyənləşdirə və onunla əməkdaşlıq edib etməyəcəyinizə dair qərar qəbul edə bilərsiniz. Ofis şəraitindəki görüşlərdə bunu etmək daha çətindir.

Qolf oynayan zaman siz insanın nə dərəcədə məqsədyönlü, konsentrasiyalı olduğunu, hədəfə çatmaq üçün nə qədər enerji sərf etdiyini müşahidə edə bilərsiniz. Bu oyunda özünəinam çox önəmlidir. İş həyatında da belədir.

- O zaman qolfu gənc nəslin formalaşması üçün böyük faydası olan idman növü hesab etmək olar.

- Elədir ki, var. Bu səbəbdən Azərbaycan Qolf Federasiyası olaraq bizim həyata keçirdiyimiz ilk layihələrdən biri “SNAG”dır. SNAG – “Start New At Golf” deməkdir və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum sayda insana təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

İlk mərhələ olaraq biz bu proqramı Bakı şəhərinin məktəblərində həyata keçirməyə başladıq. Bu proqram özündə həm maarifləndirmə, həm də əyləncə elementlərini ehtiva edir və onun sayəsində uşaqlarda qolfa marağı oyatmaq mümkündür. Bu məqsədlə biz xüsusi avadanlıq və material hazırladıq və artıq paytaxtın bir neçə məktəbində pilot olaraq bu proqramı tətbiq etdik. Uşaqların reaksiyası bizi bu layihəni davam etdirməyə və daha çox məktəbi bu proqramın əhatə dairəsinə daxil etməyə həvəsləndirdi. Yeni tədris ilinin başlaması ilə bu layihənin həyata keçirilməsini sürətləndirməyi və Bakının ardınca digər şəhər və rayonlarda maksimum sayda insana qolfu tanıtmağı düşünürük.

- Qolf ölkəmiz üçün yeni idman növü olduğundan onun tədrisinə də ehtiyac var…

- Hazırda üzərində çalışdığımız ən böyük layihələrdən biri Bakıda Qolf Akademiyasının yaradılmasıdır. Bu sahədə işlər yekunlaşmaqdadır və düşünürəm ki, yaxın zamanlarda akademiyanın açılışını keçirəcəyik. Akademiyanın ərazisində mini qolf klub olacaq və burada hər kəs həm qolfu oynamağı öyrənmək, həmçinin qolf oynamaq imkanı əldə edəcək.
Akademiyada ən son avadanlıq və PGA (Professional Golf Association) ixtisaslı təlimatçılar fəaliyyət göstərəcək. Həmçinin akademiyanın ərazisində GPS sistemi və dünya qolf sahələrinin kitabxanası ilə təchiz edilmiş qolf simulyator olacaq ki, burada arzu edənlər 130-dan çox qolf sahəsində qolf oynamaq imkanı əldə edəcəklər. Hər bir kəs Qolf Akademiyasına üzv ola bilər. Ən maraqlısı odur ki, qolfla məşğul olmağın ən minimal yaş həddi 4, maksimal həddi isə... Konkret hədd yoxdur. Əlbəttə ki, söhbət peşəkar qolf oyunlarından getmir. Burada yaş həddi 16-50 arasında dəyişir. 50 yaşdan sonra oyunçu yaşlılar üçün nəzərdə tutulan səviyyəyə keçir. Hətta fiziki imkanları məhdud olan insanlar belə qolfla məşğul ola bilər və onlar üçün xüsusi turnirlər keçirilir. Bir çox hallarda qolf həm mənəvi, həm fiziki, həm də emosional stimul rolunu oynayır.

- Siz geniş kütləyə qolfu tanıtmaq və sevdirməyə çalışırsınız. Lakin qolfu sevdikdən sonra onu oynamaq üçün sahələr də olmalıdır. Bu mənada Azərbaycanda vəziyyət necədir?

- Siz tamamilə haqlısınız. Hər bir meydança oyunu kimi qolfun da oynanılması üçün uyğun ərazi ən vacib şərtlərdən biridir. Hal-hazırda federasiya olaraq biz bu istiqamətdə də fəaliyyət göstəririk. Fikrimcə qolf sahələri Bakı ilə məhdudlaşmamalıdır, əksinə bölgələrdə açılmalıdır. Hazırda Qubada regionun ən böyük qolf sahəsinin tikintisini həyata keçirilir. Bu geniş sahəni əhatə edən və beynəlxalq turnirlərin keçirilməsi üçün lazım olan bütün beynəlxalq standartlara cavab verən 18 dəliklik qolf sahəsidir. Bu qolf klub Amerikanın məşhur “Troon Golf” şirkətinin idarəetməsində olacaq. Bu şirkətin idarəetməsində 26 ölkənin 200-dən artıq qolf klubu var və bu klublardan 37-si dünyanın 100 ən yaxşı klubu sırasındadır.

- Siz bir az öncə qeyd etdiniz ki, qolf əsrin əvvəlində Olimpiya idman növü olub. Hazırda dünyada qolf üzrə hansı beynəlxalq turnirlər keçirilir?

- Yalnız 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunları zamanı qolf üzrə yarışlar təşkil edilib, daha sonra bu proses dayandırılıb. Hazırda Londonda keçirilən Olimpiya Oyunlarında qolf üzrə yarışların keçirilməsinə dair səsvermə olmuşdu, lakin o zaman bu təklif qəbul edilmədi. Daha sonra qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları proqramına namizədlər sırasına daxil edildi və 2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsində keçirilən səsvermədə qəbul edildi. Federasiya olaraq bizim əsas hədəflərimizdən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdir. Ölkəmizin prezidenti, cənab İlham Əliyevin dediyi kimi, “Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir, dünya miqyasında çox böyük ictimai hadisədir”. Mən isə öz növbəmdə ümid edirəm ki, cənab Prezidentin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldıran idmançılar sırasında tezliklə Qolf Federasiyasının da yetirmələri olacaq və vaxt gələcək, biz qolf üzrə Olimpiya qızılını ölkəmizə gətirəcəyik. Fürsətdən istifadə edib hal-hazırda Londonda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılarımıza uğurlar diləmək istəyirəm.

- Qolf daha çox hansı ölkədə geniş yayılıb?

- ABŞ qolfçuların sayına görə dünyada liderdir. Dünyada 100 milyona yaxın qolfçu varki onların 26 milyonu Amerikadadır. Daha sonra siyahıda Böyük Britaniya, Yaponiya, İspaniya, Almaniya və digər ölkələr yer alır. Son zamanlar bizə qonşu olan Türkiyə və Rusiyada qolfa olan marağın artması müşahidə olunur. Fikrimcə perspektivdə qolf ən kütləvi idman növlərindən biri olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar