Anamın qanını yerdə qoymayacam
16 Dekabr 2010 Cümə Axşamı 14:10
Milli Qəhrəman Salatın Əsgərovanın oğlunun anası ilə bağlı xatirələri
Milli Qəhrəmanlar nə ölür, nə də unudulur. Azərbaycan tarixində ölməzlik qazanan Milli Qəhrəmanlarımızdan biri də Salatın Əsgərovadır. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonradan jurnalist kimi fəaliyyət göstərib, “Baku” və “Molodyoj Azerbaydjana” qəzetlərində işləyib.
Salatın o reportyorlardan idi ki, könüllü şəkildə ölüm təhlükəsinin hakim kəsildiyi müharibə zonalarında olurdu. Ölümün bir addımlığında olduğunu dərk etmək isə əsl sınaq kimi qiymətləndirilə bilər. Bir tərəfdən sən özünü başqalarının yolundan seçilən cığıra salmısan, digər tərəfdən ölümün sənlə zarafat etmədiyi məqamların doğurduğu və sözlə ifadəyə sığmayan hisslərlə üz-üzə durursan. Bu zaman ya özünə sadiq qalaraq müharibədə iştirakını davam etdirməli, ya da hər şeyə son qoymalısan. Sınağa çəkilmək üçün qan, parça-parça olan insan cəsədlərini görmək kifayətdir. Bu qərarlar saniyənin hökmünə çevrilir. Necə ki, 1991-ci il 9 yanvarda bu saniyələr qorxmaz, kişi qeyrətli Salatın Əsgərova üçün dayandı.
Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında Salatın Əsgərovanın olduğu avtomobil erməni silahlılarının mühasirəsinə düşdü. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində istedadlı jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirildi.
Qəhrəman jurnalist Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.
Salatın Əsgərovanın bu dünyada daha bir yadigarı da qalıb. Oğlu Ceyhun Əsgərov ANS TV-də jurnalist kimi fəaliyyət göstərir. Ceyhun Əsgərov anasını belə xatırlayır: “Anam həlak olanda mənə bildirmədilər. Onun meyitinin şəklini qəzet səhifəsində görmüşdüm. Ancaq mənə heç nə deməyərək qohumlarımızdan birigilə göndərdilər. İki həftəyə qədər orada qaldım. Bundan sonra onlara dedim ki, məni niyə aldatdınız? Mən axı bilirdim qəzetdəki şəkil anam idi. Koftasından tanımışdım".
C, Əsgərov anasının yoxluğunu həmişə hiss etdiyini deyir: "Salatın Əsgərova ilk növbədə mənim anam idi. Kimin üçün Salatın Əsgərova Milli Qəhrəman, kimin üçünsə ideal jurnalistdir. Mənim üçün o, ilk növbədə anadır. Sonra isə Milli Qəhrəmandır. İstərdim ki, anam indi yanımda olsun. Anamın yoxluğunu uşaq yaşlarında daha çox hiss edirdim. Ata, xala digər şəxslər ananın yoxluğunu insana unutdura bilmir”.
Jurnalist anası Salatın Əsgərovanın qanını yerdə qoymamaq haqqında da düşünür. "Mənə II Qarabağ müharibəsini görmək qismət olsa, döyüşlərə qatılaraq anamın qisasını almağı düşünürəm. Bu bir aksiomadır. Mən düşünürəm ki, onun qanı yerdə qalmamalıdır".
C. Əsgərov anasını yolunu davam etdirərək, jurnalist olmasına isə belə aydınlıq gətirib: "Bu, qan yaddaşı ilə bağlıdır”.
Xatırladaq ki, xalqın igid övladı olan Salatın Əsgərovaya Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
DOSTLARINLA PAYLAŞ: