İmkansız ailələr üçün nəzərdə tutulan sosial yardımlar əksər hallarda ünvanına çatmır.
Bəzən bu cür yardımlara heç ehtiyacı olmayanlar kimlərinsə vasitəçiliyi və ya tanışlığı ilə dövlətdən yardım alırlar. Bu haqda Səbail Rayon İcra Hakimini 1-ci müavini Xalidə İbrahimova məlumat verib: "Ünvanlı sosial yardımla təmin olunmadıqlarına görə, əksər hallarda analar övladlarından imtina edirlər. Ya həmin uşaqları hələ dünyaya gəlməzdən əvvəl məhv edir, ya da uşaq müəssisələrində yerləşdirirlər ki, onların da sonrakı aqibəti hamıya çox yaxşı məlumdur. Əgər ana övladını dünyaya gətirməyin müqabilində ona dövlət tərəfindən heç olmazsa 20-30 manat civarında sosial yardım ayrıldığını bilsə, bəlkə də problemin qarşısını müəyyən qədər də olsa almaq olar" deyən X.İbrahimova bunu ölkədə sosial müdafiə qurumunun olmaması ilə izah edib. ("OLAYLAR"İA)