Amerikalı konqresmenlər Azərbaycan xalqını təbrik ediblər
27 May 2011 Cümə 03:11
“Azərbaycan dünyanın bu hissəsində müsəlman, yəhudi və xristianların dinc şəraitdə birgə yaşadıqları azsaylı yerlərdən biridir”
Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, konqresmen Bill Şuster ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını hasil etmək imkanının ilk dəfə Azərbaycan tərəfindən yaradıldığını və Azərbaycanın indi qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini qeyd edib. “Cənubi Qafqaz bölgəsinin inkişafına təkan verən ən uğurlu layihə olaraq, Bakı-Tiflis-Ceyhan neft kəməri Xəzər dənizinin karbohidrogen resurslarını ABŞ-a və Avropadakı tərəfdaşlarımıza çatdıran əsas arteriya rolunu oynamaqdadır. Vurğulamaq lazımdır ki, Azərbaycan 2009-cu ildə İsrailin idxal etdiyi xam neftin 1/4-ni təmin edib və ABŞ-ın dəstəklədiyi “Nabukko” qaz kəməri üçün hazırda əsas potensial təchizatçı hesab olunur”, - deyə konqresmen bildirib.
Öz bəyanatında Virciniya Foks deyib ki, Rusiya ilə İran, Avropa ilə Asiya arasındakı strateji bölgədə yerləşən Azərbaycan sabit və dünyəvi dövlət olaraq, dünyanın bu hissəsində müsəlman, yəhudi və xristianların dinc şəraitdə birgə yaşadıqları azsaylı yerlərdən biridir. “Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş və strateji cəhətdən önəmli bir bölgədə ABŞ-ın əsas müttəfiqinə çevrilmişdir”, - deyə konqresmen qeyd edib. “ABŞ-Azərbaycan tərəfdaşlığı ümumi dəyərlərə və vahid məqsədlərə əsaslanaraq, regional təhlükəsizliyin əsas komponentini özündə ehtiva edir. Azərbaycana etdiyi son səfəri zamanı müdafiə naziri Robert Qeytsin qeyd etdiyi kimi, Azərbaycan ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına çoxşaxəli dəstək göstərir və Əfqanıstana quru və dəniz vasitəsilə göndərilən yüklərin təxminən 25%-nin tranzitini təmin edərək, Şimali Bölgü Şəbəkəsinin əsas hissəsini təşkil edir”, - deyə Foks əlavə edib.
Qeyd edək ki, konqresmen Bill Şuster ABŞ Konqresindəki “Azərbaycan üzrə İşçi Qrup”un həmsədri, konqresmen Virciniya Foks isə həmin qrupun üzvüdür.
DOSTLARINLA PAYLAŞ: