Almanların tikdiyi yol sökülür
19 Sentyabr 2009 Şənbə 12:40
"Təmir gedir, yol təmirdən sonra hamar və keyfiyyətli olacaq"
Paytaxtda Yasamal rayonu, Mehdi Hüseyn küçəsində (Milli Məclisdən "İçəri şəhər" metrostansiyası istiqamətində) avtomobil yolunda düzülmüş daşlar sökülür. Bakıdakı çoxmərtəbəli binaların söküntüsünün artıq yollara da keçdiyini düşünərək bu daşların nəyə görə sökülməsindən narahat olduq. Yoldakı söküntü işlərini aparan «RV inşaat» şirkətinin müdiri Vüqar Həsənov isə ANS PRESS-ə bildirdi ki, yolda söküntü işləri yox, təmir-bərpa işləri aparılır. Belə ki, yoldakı daşlar girintili-çıxıntılıdır. Bu səbəbdən onlar çıxarılaraq, səliqəli şəkildə yenidən düzüləcəklər. Təmirdən sonra yol hamar və keyfiyyətli olacaq.
V. Həsənovun sözlərinə görə, ərazi sürüşmə zonası olduğundan, asfalt çəkilməsi mümkün deyil: «Asfaltda çatlar yarana bilər, bu səbəbdən daş düzülür». Yoldakı təmir işlərinin sifarişçisi Bakı şəhər İcra Hakimiyyətidir.
Yolun təmirinə nə qədər vəsaitin ayrılmasına gəldikdə isə, V. Həsənov bunu açıqlamaq istəmədi və sadəcə bildirdi ki, təmir işləri hələ 20 gün davam edəcək.
V. Həsənovun sözlərinə görə, bu yol 60-70 il bundan əvvəl almanlar tərəfindən tikilib.
DOSTLARINLA PAYLAŞ: