Alman qızı ilə sovet əsgərinin eşqi illər sonra dastana çevrildi
09 May 2011 Bazar Ertəsi 22:32
Almaniyanı azərbaycanlı həyat yoldaşının uğrunda birdəfəlik silən Erika Əliyevanın sevgi dastanı
Müharibə dəhşətində sevgi də yaranırmış. Alman qızı ilə sovet əsgərinin eşqi illər sonra dastana çevrilib. Biz bu sevgi dastanından danışacağıq...
Müharibə veteranı Erika Əliyeva deyir ki, 1939-cu ildə bir gecənin içində almanlar gəlib Çexoslovakiyanı aldılar. Erika Hanpel ilə naxçıvanlı Əhəd Əliyevin tanışlığı da elə cəbhədən başlayır. Cəbhədə müharibənin ən qızğın vaxtlarında 15 yaşlı Erika tibb bacısı kimi yaralı əsgərlərə kömək göstərirmiş: “Mənə dedilər ki, bir oğlan var, gözləri görmür. Söylədilər ki, bizdən də deyil, elə yatır. Soruşdum ki, qıçı-qolu yoxdur? Dedilər ki, yox, gözləri görmür, bizim millətdən deyil. Amma alman da deyil”.
Erika Əliyevanın sözlərinə görə, onda dedi ki, gedək ona baxaq: “Mən ona dedim “Dur”, o məni başa düşmədi. Sonra ayaqlarını çəkib oturtdum. Durdu, qolundan tutdum”.
Bununla da Erika ilə Əhədin münasibəti başlayır və günlər, aylar, illər keçdikcə, onlar bir-birinin ən yaxın sirdaşına çevrilir. Gözlərinin görməməsinə baxmayaraq, Erika ilə Əhəd bir-birinə o qədər yaxınlaşır ki, hətta 1945-ci ildə müharibə başa çatandan sonra Əhəd Naxçıvana qayıtmaq istəyəndə, Erika onu tək buraxmır.
Almaniyadan Moskvaya gələn Erika ilə Əhəd oradan vaqonla Bakıya, Bakıdan da Naxçıvana gəlirlər: “Mənə dedi ki, qal. Mən də qaldım, heç peşiman deyiləm”.
Gənc yaşlarından Naxçıvanda yaşayan bu alman əsilli qadın, indi özünü əsl naxçıvanlı sayır və yerli ləhcə ilə danışır. Əhəd Əliyevlə evli olduqları vaxt onların 3 övladı olur. Əhədə olan sevgisi ona Azərbaycanı da öz doğma vətəni kimi sevdirir. Bir müddətdən sonra həyat yoldaşını itirən Erika Naxçıvanda qalaraq övladlarını böyüdür. Müharibənin 30 illiyində isə SSRİ rəhbərliyinə məktub yazaraq ona valideynləri və qohumları ilə görüş verilməsini xahiş edir və icazə alır.
“Pilləkənı qalxıram, yuxarıdan atam çıxır. İki pilləkan qalmışdı, dedi ki, sənə kim lazımdır? Mən də dedim ki, ata məni tanımadım? O, ay Allah bu mənim qızımdır, dedi. Nə mən qalxa bildim, nə o düşə bildi, eləçə ağlaşdıq”, - deyə Erika xatırlayır.
Müharibənin 66-cı ildönümündə də hər il olduğu kimi, bu il də mayın 9-da Almaniyanı həyat yoldaşının uğrunda birdəfəlik silən Erika Əliyeva onun məzarını ziyarət etməyi də unutmayıb.
DOSTLARINLA PAYLAŞ: