Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqı təbrik edib
18 Mart 2011 Cümə 14:36
Allahşükür Paşazadə: "Novruza qədəm qoyan xalqımızın ümdə duaları Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür".
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətinin ANS PRESS-ə verilən məlumata görə, şeyx təbrik müraciətində xalqımızı qədim və gözəl bayramı-Novruz münasibətiilə ürəkdən təbrik edib, hamıya Allahtaaladan səadət və rifah, bol bayram sevinci və xeyirli günlər arzulayıb.
"Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Uca Yaradandan süfrələrə xeyir-bərəkət, nemətlərə təşəkkür diləyi ilə Novruza qədəm qoyan xalqımızın ümdə duaları Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı ölkə rəhbərimiz İlham Əliyevin yorulmaz səyləri nəticəsində dövlətimiz və millətimizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inam və əzmimizi artırır. Biz əminik ki, inşallah, gün gələcək və biz Novruzu doğma Qarabağda- Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə qarşılayacaq, el adəti üzrə illərin acısını tonqalda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik".
A.Paşazadə astronomik hesablamalara görə, mart ayının 20-dən 21-nə keçən gecə saat 03.20.55-də il təhvil olduğunu vurğulayıb. O, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm. "Bayramınız mübarək olsun!" ANSPRESS
DOSTLARINLA PAYLAŞ: