“Akademiya şəhərciyi”ndən qeyri-akademik qurumlar çıxarılacaq
24 May 2011 Çərşənbə Axşamı 12:59
Bu barədə AMEA prezidenti Mahmud Kərimov deyib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ərazisi olan “Akademiya şəhərciyi”ndən qeyri-akademik qurumlar çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti Mahmud Kərimov deyib.
Onun sözlərinə görə “Akademiya şəhərciyində” bir neçə kənar təşkilat yerləşib. Bunlar Dövlət Reyestri Xidməti, Strateji Araşdırmalar Mərkəzi, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır: “Ölkə prezidentinin göstərişinə əsasən onlar bu şəhərcikdən çıxmalıdırlar. Artıq bu işə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Əmlak Komitəsi ilə birlikdə müəyyən təkliflər hazırlayırıq”.
M. Kərimov deyib ki, MDU-nun filialının köçürülməsini o qədər məqsədəmüvafiq hesab etmir: “Bu universitet bilavasitə elmlə əlaqəsi olan təhsil müəssisəsidir. MDU-nun yetirmələrinin sonda AMEA-da çalışmasını istəyirik”.
Boşalan binaların hansı məqsədlə istifadə olunmasına gəlincə, M.Kərimov bildirib ki, hazırda AMEA-nın əlavə binalara ehtiyacı var: “Bu gün yer baxımdan akademiyanın bir çox institutlarında vəziyyət gərgindir. Akademiyada elm muzeyin yaradılmasına ehtiyac var. Bu günə qədər akademiyanın arxeologiya fondu yoxdur. Arxeoloqların arxeoloji qazıntılar zamanı tapdığı minlərlə əşya çox yararsız vəziyyətdə saxlanılır”.
DOSTLARINLA PAYLAŞ: