AİB Gəncə dolama yolunun inşasının uzanmasından narahatdır
20 İyun 2011 Bazar Ertəsi 21:57
Aparılan işlərə baxış keçirmək məqsədilə bankın nəqliyyat missiyası Azərbaycana gəlib.
Asiya İnkişaf Bankı maliyyələşdirdiyi Gəncə dolama yolunun tikintisinin zəif gedişatından narahatlığını bəyan edib. Aparılan işlərə baxış keçirmək məqsədilə bankın nəqliyyat üzrə missiyası Azərbaycana gəlib. Səfər çərçivəsində missiyanın layihəni icra edən heyətlə, müqaviləçilər və məsləhətçilərlə görüşü, dolama yolun tikintisinin sürətləndirilməsi üçün zəruri tədbirlərin razılaşdırılması nəzərdə tutulub.
Ekspertlər hesab edir ki, avtomobil yollarının tikinti prosesinin uzanmasının bir neçə səbəbi var. Burada maliyyə vəsaitlərinin eyni zamanda bir neçə mənbədən cəlb olunması və layihəyə edilən dəyişikliklər müəyyən rol oynayır.
İqtisadçı-ekspert Zöhrab İsmayılın sözlərinə görə, Asiya İnkişaf Bankının nəzərdə tutduğu layihə mövcud yolun bərpası idi: “Bu bərpa işi başa çatmamış, burada paralel olaraq ikinci bir zolağın çəkilişi gedir. Burada Koreya Bankının krediti cəlb olunub. Yəni işlər, maliyyə resursları bir-birnə qarışıb və nəticədə proses uzanır. Uzanan prosesdə yollara çəkilən xərclərin də həcmi artır”.
Nəqliyyat Nazirliyi isə hesab edir ki, Asiya İnkişaf Bankının nəqliyat missiyası Azərbaycana mütəmadi səfərlər edir. Odur ki, səfər çərçivəsində maliyyələşdirdikləri tikinti işlərinə baxış keçirmələri normaldır və tikintinin gedişatı ilə heç bir narahatlığa əsas yoxdur.
Xatırladaq ki, Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti arasındakı razılaşmaya əsasən, Gəncə yaxınlığından keçən iki zolaqlı 39 kilometrlik yolun bərpası üçün bank 55,4 milyon dollar ayırıb. Yol layihəsi Bakını Gürcüstan sərhədi ilə birləşdirən şərq-qərb magistralının tərkib hissəsidir. Tikinti işlərinə 2009-cu ilin avqustunda başlanılıb. Kreditin müddəti 2012-ci ilin aprelində, tikinti işləri isə bu ilin dekabrına qədər başa çatmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: