Ağsu aşırımında sürücüləri təhlükə gözləyir
21 İyun 2011 Çərşənbə Axşamı 22:24
Leysan yağışları və sel sularının intensivliyi yolu qəzalı vəziyyətə salıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımında torpaq sürüşməsi səbəbindən avtomobillərin hərəkətində müəyyən maneələr yaranır. Aşırımın bir neçə dolayında yol tamamilə dağıldığı üçün sürücülər əsasən gecə saatlarında ciddi təhlükə ilə qarşılaşır. Nəzərə alınsa ki, bu dolaylar bir çox hallarda duman və çiskinli olur, hər an istənilən hadisənin baş verməsi qaçılmazdır. Bunu sürücülər də təsdiqləyir.
Sürücü Balahəsən Soltanovun sözlərinə görə, bu sürüşmələrlə əlaqədar gecələr çox pis vəziyyət yaranır. O bildirib ki, maşınların güclü işıqları bir-birinə mane olur və bunun səbəbindən uçqunu görmək olmur.
Digər sürücü Eldəniz Cahangirli isə deyib ki, burada gecə lap qorxulu olur. Onun sözlərinə görə, gecə yolu heç görmək olmur: “Gecələr bu yolda duman olur, çiskin olur. Çox təhlükəlidir”.
Əraziyə cavabdeh 12 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Ağakərim İslamovun verdiyi məlumata görə, Ağsu aşırımında bu günədək kiçik həcmli müəyyən təmir-bərpa işləri görülüb. Amma müşahidə olunur ki, bunun yolun qəzalı vəziyyətinin aradan qaldırılmasına heç bir köməyi olmayıb. Aşırımın yollarında yenidənqurma işlərinin nə vaxt görüləcəyi barədə isə dəqiq məlumat yoxdur.
12 saylı Yol İstismar İdarəsinin baş mühəndisi hazırda 166 km-lik Şamaxı-Yevlax magistralının Yevlax-Ağdaş, Göyçay-Qaraməryam arasındakı ərazisində təmir işlərinin aparıldığını bildirib. A. İslamovun sözlərinə görə, Ağsu aşırımının bərpası yalnız oradakı işlər başa çatdırıldıqdan sonra mümkün olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: