Ağsu aşırımı bağlanıb
06 Aprel 2010 Çərşənbə Axşamı 11:00
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımında nəqliyyatın hərəkəti tam dayanıb.
APA-nın yerli bürosunun məlumatına görə, aprelin 5-də axşam saat 17:30 radələrində Ağsu aşırımında dağ sürüşərək yolun hərəkət hissəsini bağlayıb. Hadisə yolun 147-ci kilometrliyində baş verib və ərazidə iki saatdan artıq bir müddətdə nəqliyyatın hərəkəti tam dayanıb. Ağsu və Şamaxı yol istismar idarələrinin texnikalarının köməyi ilə yolun bir hərəkət hissəsi açılıb.
Hazırda yolun 147, 147.8 və 150-ci kilometrlik hissələrində asfalt örtük çöküb. Yol polisi və nəqliyyat işçilərinin sözlərinə görə Ağsu aşırımında dağ sürüşməsi hal-hazırda da davam etdiyi üçün yollar tədricən dağılır və hazırda nəqliyyat vasitələri avtomagistralın yalnız bir hərəkət hissəsindən istifadə edirlər. Məlumata görə, ərazidən ağır yük avtomobili keçərsə həmin yol tamamilə çökəcək və nəqliyyatın hərəkəti dayanacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar