ADU daha bir universitetlə əməkdaşlıq edəcək
16 May 2011 Bazar Ertəsi 13:07
Bu Avstriyanın Alpen-Adria Universitetidir
Azərbaycan Dillər Universitetində (ADU) mayın 17-18-də “Bakıda Avstriya ədəbiyyatı günləri” adlı tədbir keçiriləcək. ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatşılığı ilə keçiriləcək tədbirin açılış mərasimində ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə ataşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman, həmin institun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan Azərbaycanli və xarici müəllimlər də iştirak edəcəklər. Universitetein mətbuat xidmətindənn ANS PRESS-ə verilən məlumata görə, tədbir çərçivəsində ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanacaq.
Sonra Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor K. Amman “Avstriya ədəbiyyatı anlayışı”, həmin universitetin Robert Muzil adına Ədəbiyyat İnstitunun bölmə rəhbəri V. Fanta “Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm” mövzularından bəhs edəcəklər. ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva “Muzil və Kafkanın yaradıcılığında insan obrazı”, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev “Muzilin yaradıcılığında kinayə: üslubi vasitə yoxsa gerçəkliyin kəskin tənqidi?” mövzularından danışacaqlar. Alpen-Adria Universitetinin əməkdaşı Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirəcək.
Tədbirin növbəti günü də bir sıra məruzələr səslənəcək. Belə ki, K. Amman “Müasir Avstriya ədəbiyyatında mənim üçün üç sevimli qadın yazarı”, V. Fanta və M. Kaderlap “Mənim dilim” adlı təqdimatlarla çıxış edəcəklər.
ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrdən, tərcümə məsələlərindən və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə də həsr olunmuş dəyirmi masa da keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: