ADU-da Tempus günü qeyd olunacaq
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:15
Konfransda “Tempus proqramına müraciət etmək üçün yeni elektron qaydalar” haqqında məlumat veriləcək
Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunan konfrans keçiriləcək. Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə keçiriləcək tədbirdə hökumət və vətəndaş cəmiyyəti nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri də iştirak edəcək. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, tədbir dekabrın 15-də keçiriləcək.
Konfransda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun, təhsil naziri Misir Mərdanovun və Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobianın açılış nitqi ilə çıxış edəcəyi gözlənilir. Tədbirdə Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırovun “Azərbaycanda Tempus və Milli Tempus Ofisinin rolu” və “Avropa Birliyinin digər proqramlarda Azərbaycan Universitetləri üçün imkanlar” mövzularından bəhs edən məruzəsi dinləniləcək. Konfransda 2010-cu ildə Tempus IV-ün xüsusiyyətləri və III təkliflərin nəticələri, eləcə də “Tempus proqramına müraciət etmək üçün yeni elektron qaydaları” haqqında isə Tempus Proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi Franz Steidele danışacaq.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova isə çıxışında “Azərbaycan Dillər Universitetində Tempus layihələri”ndən bəhs edəcək.
Qeyd edək ki, Azərbaycanda Tempus proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə 1995-ci ildən həyata keçirilir. ADU-nun “Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar” adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlmişdir. Onu da qeyd edək ki, noyabrın 24-də ADU-da TEMPUS proqramı çərçivəsində “Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar” layihəsi ilə əlaqədar “İlkin məlumatlandırma konfransı” da keçirilmişdir. Sözügedən layihənin seçilməsi Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaqdır. Layihənin məqsədi Bolonya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir.
DOSTLARINLA PAYLAŞ: