ADNA-dakı terror üçün 50.000 dollar ayrılıb
21 Aprel 2010 Çərşənbə 18:30
Fərda Qədirov ailəsini də öldürmək istəyirmiş.
Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Ötən il Neft Akademiyasında 12 nəfərin öldürülməsi və 13 nəfərin yaralanması ilə nəticələnən cinayət işi üzrə həbs edilən Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanovun cinayət işinə baxış prosesi keçirilib. Dövlət ittihamçısı Abdulla Yusifov cinayət işi üzrə elan olunmuş ittiham aktını oxuyub.

ADNA-dakı terrora 50 min dollar ayrılıb

İttiham aktına əsasən aparılmış istintaq zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan və bu ölkənin Marneuli rayonunun Şulaveri kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Fərda Qədirov, onun qohumu Cavidan Əmirov, kənd sakinləri Nəcəf Süleymanov, Nadir Əliyev və nəhayət şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girib. O, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində bu şəxslərlə Bakıda terror aktı törədilməsi barədə razılığa gəlib. M.Qumaşyan bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara 50 min dollar verəcəyini vəd edərək əvvəlcədən Fərda Qədirova 5 min dollar verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyini bildirib. O, Fərda Qədirov tərəfindən hələ 8 noyabr 2008-ci il tarixdə Tiflis şəhərindən aldığı "Makarov" tipli tapança və 200 ədəddən artıq patronun Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

Gürcüstanda məşq etdikdən sonra tək-tək Azərbaycana gəliblər

Fərda Qədirov cinayət əlaqəsində olduğu Cavidan Əmirov, Nadir Əliyev və Nəcəf Süleymanovla Daştəpə kəndində olan evinin alt mərtəbəsində tapançadan müxtəlif nişangahlara atəş açaraq məşq edib. Bundan sonra planlaşdırdıqları cinayəti həyata keçirmək üçün Cavidan Əmirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər. Fərda Qədirov Azərbaycana gələrkən tapançanı gizli keçirmək məqsədilə Marneuli-Bakı marşrutu ilə işləyən “Mercedes-0303” markalı SOU-900 Gürcüstan dövlət nömrə nişanlı avtobusun sürücü köməkçisi olan Ariz Qabulovla razılaşıb və tapançanı Azərbaycana keçirməyə nail olub. Həmin silahı və döyüş sursatlarını Ariz Qabulovun vasitəsilə kirayəyə götürdüyü B.Çobanzadə küçəsi 65, mənzil 35-də, eləcə də Cavidan Əmirovun müvəqqəti yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, mənzil 1-də saxlayıb.

Neft Akademiyasına gələrək “rol”larını müəyyən ediblər

İttiham aktına görə, cinayəti Cavidan Əmirovun təklifi ilə Bakının mərkəzində, xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbənin təhsil aldığı və əhali arasında vahimə yaradılması üçün əlverişli yer olan Dövlət Neft Akademiyasında törədəcəkləri barədə razılaşıblar. Apreldə Fərda Qədirov Cavidan Əmirov və Nadir Əliyevlə birlikdə həmin binaya gəlib və orada giriş-çıxış, cinayəti törətdikdən sonra qaçmaq yollarını, binanın 2-ci mərtəbəsindəki dəhlizin pəncərəsindən həyətə düşüb qaçmağın mümkünlüyünü müəyyən edib və törədəcəkləri cinayətdə “rol”ları bölüşüblər.

Bölgüyə görə, cinayət törədilən zaman Fərda Qədirov və Cavidan Əmirov Akademiyanın binasına daxil olmalı, cinayəti törədərkən və hadisə yerindən qaçan zaman sonuncu Fərda Qədirova kömək etməli, həmin vaxt Nadir Əliyev isə pusquda dayanaraq polisin gəlməsi barədə mobil telefon vasitəsilə onlara məlumat verməli idi. Onlar cinayəti həyata keçirmək məqsədilə görüşəcəkləri vaxtı və yeri də müəyyən ediblər: 30 aprel 2009-cu il, saat 09.00 radələrində Bakı metropoliteninin “28 May” stansiyasının çıxışı qarşısında.

Və terror baş tutur

Lakin həmin gün Fərda Qədirov Cavidan Əmirov və Nadir Əliyevin gəlmələrini gözləmədən Mardun Qumaşyanla planlaşdırdığı cinayəti başa çatdırmaq üçün “Makarov” tipli tapança və külli miqdarda patronla silahlanaraq saat 09:30 radələrində Neft Akademiyasının 2-ci tədris binasının giriş qapısına yaxınlaşıb. O, binaya daxil olaraq 6-cı mərtəbəyədək qalxaraq qarşısına çıxan tələbə və müəllim heyətinə atəş açaraq qarşısına çıxanları öldürüb və digərlərini isə özündən asılı olmayan səbəblərdən öldürə bilməyərək yaralayıb.

Fərda Qədirov daha sonra polis əməkdaşlarının hadisə yerinə gəldiklərini bilib, hadisə yerindən qaçmaq imkanı olmadığından tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. Nəticədə 12 nəfəri öldürməklə və 15 nəfəri öldürməyə cəhd etməklə əhali arasında vahimə yaradıb. Neft Akademiyasına isə maddi cəhətdən 6030 manat məbləğində ziyan vurub.

F.Qədirov ailə üzvlərini də öldürməyi planlaşdırıbmış

Ailə üzvləri ilə tez-tez münaqişə edən Fərda Qədirov təbiətcə uşaqlıqdan qapalı insan olsa da, ermənilərlə münasibət qurmağa meylli olub. Terrorçu telekanallarda dəhşətli və vahiməli döyüş səhnələri olan bədii filmlərə baxmaqla terrora maraq göstərib.
2008-ci ilin oktyabrında Fərda Qədirov səbəbini yaxınlarına bildirmədən Daştəpə kəndinə qayıdıb. Gürcüstana qayıtdıqdan sonra da qonşuları və kənddə olan qohumları ilə nadir hallarda görüşüb. 17 oktyabr 2008-ci il tarixdə silah almaq məqsədi ilə Tiflis şəhərinə gedib və orada tanış olduğu milliyyətcə erməni olan taksi sürücüsü Serqo Qriqoryana öz məqsədini bildirib.
Həmin tarixdən noyabrın 8-nə kimi bir neçə dəfə Tiflisdə Serqo Qriqoryanla birlikdə silah mağazasında, tibbi müayinədən keçmək üçün poliklinikada, DİN-in müvafiq departamentində olub, sonuncu silah üçün lazım olan sənədlərin alınmasında ona köməklik göstərib, hətta Fərda Qədirovun əvəzindən ərizə yazıb.
Fərda Qədirov ailə üzvlərini də öldürəcəyini planlaşdırıb.
Silahı aldıqdan sonra artıq 9 noyabr 2009-cu il tarixdə Fərda Qədirov “Alkatel” markalı mobil telefonuna gələcək hərəkətləri haqda videoçəkiliş edib.
10 noyabr 2008-ci il tarixdə isə Fərda Qədirov Marneuli şəhərində fotoatelyedə silahla fotoşəkil çəkdirib və arxasına rus dilində “U menya kajdıy şaq smert. 10 noyabr 2008 q. Qadirov Farda” sözlərini yazıb. Videoyazılarda Fərda Qədirov ailə üzvlərinə və ümumiyyətlə bütün insanlara olan nifrətini göstərməklə, insanlardan gördüyü neqativ münasibətə görə onlardan qisas alacağını bildirib... anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar