Abbas Abbasovun oğlu evləndi
06 Oktyabr 2009 Çərşənbə Axşamı 23:00
Baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlunun toyu olub. Toy mərasimində Azərbaycanda, eləcə də keçmiş postsovet məkanında tanınmış şəxslər iştirak ediblər.
“Buta” şadlıq sarayında keçirilən toy mərasimində 700-dən artıq qonaq iştirak edib. Qonaqlar arasında Rusiya Federasiyasından gələnlər də olub. Tanınmış azərbaycanlı iş adamı Telman İsmayılov da Abbas Abbasovun oğlunun toyuna gəlib. O cümlədən, Bütün Qafqazın şeyi Hacı Allahşükür Paşazadənin, baş nazir Artur Rəsizadənin və üzdə olan digər şəxslərin də toyda iştirak etdiyi bildirilir.
Qeyd edək ki, toyu olan Vüsal Abbasov Abbas Abbasovun kiçik oğludur. Ümumilikdə isə keçmiş baş nazirin üç oğlu var. Onlardan biri-Aydın Abbasov Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür. Vüsal Abbasovun özü isə Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, hazırda həmin institutun aspirantıdır. O həm də Rusiyanın “Lukoil” şirkətində çalışır.
Abbas Abbasov Azərbaycanın müstəqillik tarixində xidmətləri olmuş şəxslərdən biridir. O, 1990-1995-ci illərdə Azərbaycan Respubliakasının xalq deputatı olub, 1992-ci ilin mayından baş nazirin birinci müavini vəzifəsində çalışıb. Abbas Abbasov Azərbaycan Dövlət Millətlərarası Komitəsinin, Azərbaycan Dövlət Aqrar İslahatı Kommisiyasının, Kənd Təsərrüfatında Nüminəvi Özəl Təsərrüfatların formalaşmasına Dövlət Yardımı Komissiyasının sədri olub. O, 2208-ci ilin mayında baş nazirin müavini vəzifəsindən istefa verib və bunu məmurların iş müddəti müəyyən məntiqi çərçivəsinin, kadrlar arasında rotasiyanın vacibliyi, düşüncəli insanlar cəlb edilməli olması ilə izah edib. Onun Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərini nəzərə alan prezident İlham Əliyev 19 may 2008-ci tarixdə Abbas Abbasovun Azərbaycanın ali dövlət mükafatı-“İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, Rusiyadakı Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında da Abbas Abbasovun bir dövlət məmuru və Azərbaycan-Rusiya İqtisadi Əlaqələr Komissiyasının rəhbəri kimi müstəsna xidmətləri olub.
Uzun illər rəhbər vəzifələrdə işləməklə ölkəsinin xidmətində olmuş Abbas Abbasov indi atalıq borcunu yerinə yetirib və oğullarından sonuncusunun toyunu edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: