6 aya 8,7 milyard dollar müsbət xarici ticarət saldosu yaranıb
03 Avqust 2011 Çərşənbə 17:33
138 dövlətlə 17,4 milyard dollar məbləğində ticarət əməliyyatları aparılıb
Bu ilin yanvar-iyun aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, əmtəə mübadiləsinin 2,9 milyard dolları MDB üzvü dövlətləri, 14,5 milyard dolları digər ölkələrlə həyata keçirilib.
2010-cu ilin altı ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,3 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 32,7 faiz, digər dövlətlər üzrə isə 6,1 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 8,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılıb.
DOSTLARINLA PAYLAŞ: