550 kiloqram yağ satışdan çıxarılıb
23 Yanvar 2010 Şənbə 18:00
“Naş moloçnik” bakteriyaların normadan dəfələrlə çox olduğu müəyyən edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan 40-dan çox müxtəlif adda yağın keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinəsini keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müayinələr nəticəsində bəzi yağların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkar edilib.
Laborator müayinələr zamanı Ukraynanın “Starakonstantinovskiy Moloçnıy Zavod” müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə yağında bağırsaq çöpləri qrupundan olan bakteriyaların mövcudluğu, ümumi mikroblarının sayının isə normadan dəfələrlə çox olduğu müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən bu yağların satışının dayandırılması və satışdan çıxarılması barədə idxalçı “Avrora” firmasına icrası məcburi olan göstəriş verilib.
Yeri gəlmişkən, bu yağların satışdan çıxarılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son 2 gündə həyata keçirilən tədbirlər nəticəsində mağazalardan 550 kiloqrama yaxın “Naş moloçnik” əmtəə nişanlı kərə yağı satışdan çıxarılıb. Dövlət Xidməti bu istiqamətdə tədbirləri davam etdirir və istehlakçıları Ukraynanın “Starakonstantinovskiy Moloçnıy Zavod” müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq “Naş moloçnik” əmtəə nişanlı kərə yağını almamağa çağırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: