Ötən gün Goranboy rayonunda güclü küləklə müşahidə edilən yağış rayona ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ötən gün saat 17:00 radələrində başlayan yağış nəticəsində 20-yə yaxın yaşayış məntəqəsində fəsadlar yaradıb. Əsasən dağlıq ərazilərdə sel müşahidə edilib. Rayonun Aşağı Ağcakənd, Meşəli, Şəfəqli, Qarqucaq kəndələri, eləcə də Eko, Qızıl Hacılı qəsəbələrində 500-ə qədər evə, anbara su dolub. Fermerlərə məxsus ev heyvanları tələf olub.
Qızılı Hacılı qəsəbəsində fermerlərə məxsus 500 ton taxın sel suları altında qalıb. Külək və yağış bəzi elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Axşam saatlarından etibarən adıçəkilən kəndlərdə işıq kəsilib. Daşqın nəticəsində 5 körpünü su yuyub, 250 metr qaz xətti sıradan çıxıb.
Xatırladaq ki, iyun ayının 5-dən 6-na keçən gecə də Goranboy rayonunda güclü yağış rayonda ciddi fəsadlara yol açmışdı.
Rayon Fövqəladə Hallar Komissiyasının və İcra Hakimiyyətinin nümayəndələri bu dəfəki təbii fəlakətin daha böyük olduğunu bildiriblər.
Hazırda rayona dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Günün ikinci yarısında fəsadlarının həcminin artacağı istisna edilmir.
Şahin Rzayev /ANS PRESS/