500 minə yaxın ev niyə sənədləşdirilmir?
20 Aprel 2013 Şənbə 21:14
Sənədləşdirmə işlərinin gecikməsi iqtisadi inkişafa mənfi təsir edir.
Paytaxtda sənədsiz tikililərə istənilən qəsəbədə rast gəlmək mümkündür. Hələ 2 il əvvəl Prezident İlham Əliyev Bakı və Bakıətrafı ərazilərdə olan qeydiyyatsız tikililərin siyahısının dəqiqləşdirilməsi və sənədləşdirilməsi ilə bağlı göstəriş vermişdi. Dövlət başçısının sənədləşdirilmə üçün 3 ay müddətində təkliflərin hazırlanması ilə bağlı müvafiq sərəncamından, az qala, bir il keçir.
Ancaq hələ də ortada real nəticə yoxdur. Maraqlıdır ki, komissiyada Bakı şəhər İcra Hakimiyyəti daxil olmaqla, əksər nazirliklərin, yüksək çinli, səlahiyyətli şəxslərin təmsil olunmasına baxmayaraq, bu gün irəliləyişin olmamasına görə cavabdeh orqanı müəyyənləşdirmək çox çətindir. Görəsən, bu müddət ərzində konkret addımların atılmasına nə mane olur? 500 minə yaxın evin sənədləşdirilməsi sakinlərə hansı problemləri yaradır?
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev deyir ki, müvafiq dövlət orqanları mütləq bu məsələni həll etməlidirlər. Çünki yaranmış vəziyyətdən ən çox əziyyət çəkənlər məhz sadə vətəndaşlardır.
Qeyd edək ki, ən çox rast gələniən mübahisəli məqam Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə bələdiyyələr arasında üzə çıxır. Qanunvericiliyə görə, sənədsiz tikililərin yerləşdiyi ərazilərin hərrac yolu ilə satılmalı olduğunu deyən komitə rəsmiləri bildirir ki, bələdiyyələr vətəndaşlara qeyri-qanuni olaraq, öz ərazilərinə aid olmayan torpaqları satıb və saxta sərəncamlar tərtib ediblər.
Hazırda sənədsiz evlərin torpaq qeydiyyatının davam etdiyini deyən Rafiq Süleymanov bildirib ki, bu günə qədər təmsil etdiyi qurum tərəfindən 70 mindən çox müraciətə baxılıb. Onlardan 40 minə qədəri lazımı prosedurlarla qeydiyyata alınıb. Lakin problem hələ də aktuallığını saxlayır. Çünki hər bir vətəndaşın konstitision hüquqlarından biri də onun mülkiyyət hüququdur. Sənədsiz evlərdə yaşayan bu sakinlər də bu hüquqa tam sahib olmaq istəyir.
DOSTLARINLA PAYLAŞ: