İğdır - Naxçıvan qaz kəmərinin inşası üzrə bütün xərcləri Dövlət Neft Şirkəti (ARDNŞ) öz üzərinə götürəcək. Bunu öz açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. Bu, tərəflər arasında imzalanmış memoranduma əsasən əldə olunub.
R. Abdullayevin sözlərinə görə, memoranduma əsasən, Türkiyə tərəfi qaz kəmərinin inşasına icazənin alınması və layihənin təsdiqlənməsi, ARDNŞ isə boru kəmərinin maliyyələşdirilməsi və inşası üzrə işləri öz üzərinə götürəcək: «Gələn həftə şirkətin texniki qrupu Ankaraya səfər edəcək. Orada BOTAŞ-la qaz kəmərinin inşası, onun layihələndirilməsi və inşası üçün icazənin alınması məsələləri nəzərdən keçiriləcək».
R. Abdullayev qaz kəmərinin inşasını Naxçıvanının enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Rövnəq Abdullayevin bu fikirləri ilə bağlı ANS PRESS-ə bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi Naxçıvanının enerji təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca uğurlu layihədir. Onun sözlərinə görə, bu gün Naxçıvana qaz İrandan ötürülür və bir növ Naxçıvan İrandan asılı vəziyyətdədir: «Amma bu layihə həyata keçsə, alternativ kəmər kimi istifadə edə biləcəyik».
Kəmərin çəkilməsini ARDNŞ-in öz üzərinə götürməsini də iqtisadçı olduqca normal qarşıladı: «Bu layihənin elə də böyük xərci olmayacaq. İl ərzində 500 min kubmetr qaz ötürmək imkanında olan kəmər Araz çayı üzərindən çəkiləcək və uzunluğu cəmi 50 kilometr olacaq. Orada bir nasos stansiyası və kiçik diametrli bir boru çəkilsə, bütün Muxtar Respublikanı qazla artıqlaması ilə təmin edə bilərlər. Bunun ümumi xərci də tutsun 25-30 milyon manat. Bu səbəbdən də bu xərci ARDNŞ öz üzərinə götürür.»
Kəmərin inşasının BOTAŞ-a həvalə edilməsini isə, mərkəz rəhbəri xərclərdə qənaət edilməsində görür. Onun sözlərinə görə, 50 kilometrlik bir borunun tikintisinin BOTAŞ-a həvalə edilməsi daha səmərəlidir.
Aqşin Rafiqoğlu/ANS PRESS/