5 “SOCAR” yanacaqdoldurma məntəqəsi açılıb
23 May 2011 Bazar Ertəsi 11:40
Azərbaycanda daha 5 “SOCAR” yanacaqdoldurma məntəqəsi açılıb


Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “SOCAR” brendi ilə fəaliyyət göstərəcək 5 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub. “APA-Economics”in məlumatına görə, bununla da “SOCAR” məntəqələrinin sayı 11-ə çatıb.

Yanacaqdoldurma məntəqələrindən biri Bakı-Salyan şosesinin 14-cü km-də tikilib. 1-ci kateqoriyalı bu məntəqədə yeməkxana, avtoservis, market və avtoyuma məntəqəsindən başqa, ilk dəfə olaraq sürücülər üçün motel də fəaliyyət göstərəcək.

İki yanacaqdoldurma məntəqəsi Bakı-Sumqayıt yolunun 28-ci km-də fəaliyyətə başlayıb, daha iki məntəqə isə Bakı-Salyan şosesinin 70-ci km-də Ələt qəsəbəsi yaxınlığında açılıb.

“SOCAR Petrolium” şirkətinin baş direktorunun müavini Mülayim Səfərovun dediyinə görə, bu ilin axırına kimi məntəqələrin sayının 20-yə çatdırılması nəzərdə tutulur. Yeni açılan məntəqələrdə bir çox yeniliklər tətbiq olunub, o cümlədən nağdsız satış üçün POS-terminallar quraşdırılıb. Hər bir yanacaqdoldurma məntəqəsində orta hesabla 30-35 nəfər çalışır.

Bundan başqa, Sumqayıtda “Azərkimya” İstehsalat Birliyinin Etilen-Politilen Zavodunun ərazisində yeni poliklinika binası açılıb. İki mərtəbəli binada Almaniya və Yaponiyadan gətirilmiş müasir avadanlıqlar quraşdırılıb. Burada 30 həkim və 26 tibb bacısı çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar