48 il həkim işləyən qadının 80 manat pensiya alması HƏQİQƏTDİR
18 Avqust 2009 Çərşənbə Axşamı 18:15
Pensiya ümidinə qalanlar arasında elmlər namizədi də var

 

Ağarmış saçlarını solmuş yaylığının altında gizlətməyə çalışır- əliylə yaylığın altından çıxan saçlarını təkrar yaylığın altına salır, yaylığı alnına qədər çəkir və divara söykənir: «Allah sizi saxlasın. Mənə bir çörək pulu…». Cümləsini tamamlamır, yaylığını bir az da qabağa çəkib sanki üzünü gizlətməyə çalışır.

Çörəkpuluna möhtac pensiyaçı

Onu «Elmlər Akademiyası» metro stansiyasının yaxınlığında tez-tez görmək olar. Adının Əsmayə, yaşının 69 olduğunu deyir. Nə üçün diləndiyini soruşmuram, sadəcə nə qədər pensiya aldığı ilə maraqlanıram. Cavabı qısa olur. Cəmi 75 manat. «İki nəfərik. Pensiyamız dolanışığa çatmır. Ərim yataq xəstəsidir, buradan yığdığım pula iynə-dərman alıram»,- bunu da Əsmayə xala özü deyir.

Hamısı dilənməsə də, Əsmayə xala kimi pensiyaçılar ölkədə on minlərlədir. Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlinə təyin olunmuş aylıq pensiyaların orta məbləği 95,8 manat təşkil edir. Yaşa görə verilən pensiyaların orta məbləği 99,4 manatdır. Əmək pensiyalarının baza hissəsi isə 75 manatdır.

48 illik zəhmət beş manata?

Səksən iki yaşlı Klara Babayeva isə 80 manat pensiya alır. O, 48 il həkim işləyib. «Səksən manat qoca adamın ehtiyaclarını ödəmir. Çox vaxt həkimin yazdığı reseptlər alınmamış qalır. Demişdilər staja görə pensiyamı artıracaqlar, amma etmədilər. Pensiyanın baza hissəsi 75 manatdır, işləməyən insanlar bu qədər pensiya alır. Bəs mənim 48 illik stajım? Bu, beş manatlıqdırmı?».

Paytaxtda apardığımız kiçik sorğu zamanı da pensiyaçıların aldıqları pensiyanın azlığından narazı olduğu bəlli olur:

- Cəmi 85 manat pensiya alıram. 43 il müəllim işləmişəm.

- Pensiyam 93 manatdır. Aylıq tələbatımı ödəmir.

- Ayda 78 manat pensiya alıram. Pensiya elə olmalıdır ki, heç olmasa, müalicəmizə çatsın»...

Yüksək pensiya alanlar ümumi pensiyaçıların heç bir faizi də deyil

Dövlət Sosial Müdafiə Fondundan isə deyilənlərlə razılaşmırlar. Qurumun mətbuat katibi Elman Babayev qeyd edir ki, ölkədə yüksək pensiya alanların sayı da kifayət qədərdir. Elman Babayevin sözlərinə görə, aylıq pensiyaların orta məbləği yüz manata yaxındır: «Orta məbləğ 99,43 manatdır. Amma dövlət qulluqçularının, yüksək rütbəli şəxslərin, hərbçilərin pensiyası adi vətəndaşlardan fərqlidir. Dövlət qulluqçuları pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Hərbçilərin orta aylıq pensiya məbləği 327,4 manat təşkil edir. Dövlət qulluqçularının pensiyası isə bir qədər də yuxarıdır». Bu məbləğ isə adi vətəndaşların orta aylıq pensiya məbləğindən 3,3 dəfə çoxdur.

Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə isə, 2009-cu ilin əvvəlinə ölkədə 1 milyon 275 min 138 nəfər pensiyaçı var. Onların da cəmi 125 mini işləyən pensiyaçılardır. Hazırda dövlət qulluqçusu kimi pensiya alanların sayı isə 9694 nəfərdir. Yəni yüksək pensiya alanlar ümumi pensiyaçıların heç bir faizi də deyil (cəmi 0,76 faiz).

Elmlər namizədinə 82 manat pensiya

Yetmiş beş yaşlı Rəhilə Səmədova da uzun illər işləməsinə baxmayaraq, cəmi 82 manat pensiya alır: «Əvvəl müxtəlif yerlərdə işlədim. Sonra müdafiə edib elmlər namizədi oldum. 300 manat maaş alırdım. İndi isə 82 manat pensiya alıram. Çox az verirlər». Rəhilə xanım deyir neçə ildir ki, xəstədir: «İnsult vurub. Dərmanlar çox bahadır. Güclə alıram. Həkimə də getmək lazımdır, pul verməyəndə isə həkim baxmır». Rəhilə xanımın sözlərinə görə, hər dəfə müalicəsi üçün borc alır: « Özüm də utanıram. Keçən il 18 gün xəstəxanada yatdım, borcumu indiyədək ödəyə bilməmişəm». Qeyd edək ki, yaşlı və ahıl insanların əksəriyyəti qan təzyiqi, şəkərli diabet, duzlaşma, oynaq xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin müayinə və müalicəsi isə çox xərc tələb edir.

«Hökumət pensiyaların baza hissəsini qaldırmalıdır»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da deyir ki, pensiyalar qocaların minimum tələbatını ödəmir. Onun sözlərinə görə, pensiyaçıların minimum yaşayışını təmin etmək üçün hökumət pensiyaların baza hissəsini qaldıra bilər: «Bu, Rusiyada il ərzində üç dəfə baş verib. Azərbaycanda da belə bir hədəfin götürülməsi vacibdir». İqtisadçının sözlərinə görə, minimum istehlak büdcəsinin normativlərinə Nazirlər Kabineti tərəfindən yenidən baxılmalıdır: «Minimum istehlak büdcəsi 2005-ci ildə təsdiq olunub. Normativlərə yenidən baxılması vacibdir. Minimum istehlak büdcəsinin yeni normativlərinə uyğun olaraq pensiyaçının minimal istehlak səbəti müəyyənləşdirilməli və pensiya buna uyğun tətbiq edilməlidir. Bu zaman pensiyanın baza hissəsini 75 manatdan ən azı 120 manata qaldırmaq lazımdır».

Qeyd edək ki, əmək pensiyalarının baza hissəsi 75 manatdır. İşləyən vətəndaşların pensiyaları hesablanarkən 75 manatın üzərinə müəyyən məbləğdə sığorta hissəsi gəlir. Sığorta hissəsi ildə bir dəfə inflyasiyaya uyğun olaraq indeksləşdirilir.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədr müavini, ekspert Rövşən Ağayevin fikrincə, dövlət elə siyasət aparmalıdır ki, ixtisaslı əmək sahibləri pensiya yaşına çatanda maddi asılılıqla üzləşməsinlər. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli də bu fikirdədir ki, ölkədə müəyyən kateqoriyanın pensiyası istisna olmaqla, aldıqları pensiyalar pensiyaçıların minimum tələbatını ödəmir. Millət vəkili ölkədə pensiya islahatlarının aparılmalı olduğunu vurğulayır. Sosial Müdafiə Fondunun rəqəmlərinə görə, ölkədə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 minə yaxınlaşır. İyulun 1-ə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı ilin əvvəli ilə müqayisədə 17 min 464 nəfər artaraq 1,292 602 nəfərə çatıb.

Hökumətə təkliflər təqdim olunub

İqtisadçı Qubad İbadoğlu pensiya islahatları ilə bağlı tövsiyələrin hazırlanıb hökumətə təqdim edildiyini bildirir: «Təkliflər həm hökumətə- Dövlət Sosial Müdafiə Fonduna, Nazirlər Kabinetinə, Milli Məclisin sosial siyasət komissiyasına və sosial qanunvericilik şöbəsinə, Həmkarlar Konfederasiyasına, həm də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlara təqdim olunub».

Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi Almaniyanın Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə «Azərbaycan Respublikasında pensiya islahatları: beynəlxalq təcrübə, standartlar və islahat konsepsiyası» layihəsini həyata keçirir.

Təkliflərə gəldikdə isə, Q.İbadoğlu bildirir ki, tədqiqat 4 istiqamət üzrə aparılaraq, sonda tövsiyələr paketi hazırlanıb. Bunlar pensiya islahatları, pensiya sisteminə dair beynəlxalq təcrübənin, bu sahədəki beynəlxalq standartların öyrənilməsi, pensiya sahəsində milli qanunvericiliyin öyrənilməsi və nəhayət, ölkədəki pensiya islahatlarının tədqiqindən ibarətdir. İqtisadçının sözlərinə görə, Sosial Müdafiə Fondu onların verdiyi təkliflərə cavab hazırlayır. Pensiya ilə bağlı hökumətə təkliflərin təqdim edildiyini sadə dillə gündəlik dolanışığını dilənməklə təmin edən Əsmayə xalaya da dedik. Heç nə demədi, sadəcə ovcunda tutduğu pulları göstərməmək üçün əllərini yumdu…

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar