449 litr "Düşes" və "Tərxun" məhv edilib
20 İyun 2011 Bazar Ertəsi 17:44
İqtisadi İnkişaf Nazirliyi saxta sərinləşdirici içkilərin istehsalı ilə bağlı yeni faktlar aşkarlayıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər bazarında monitorinqlərini davam edir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 2 ünvanında Emin Hacıyevə məxsus sexdə aparılan yoxlama zamanı "Tərxun" və "Duşes" sərinləşdirci içkilərinin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə sərinləşdirci içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunduğu müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı sexdə istehsal edilmiş şaftalı və albalı nektarlarının xarici ölkələrdə istehsal olunmasına dair istehlakçıda yanlış təəssürat yaradan, məhsulların adları Azərbaycan dilində göstərilməyən "Helma Fruits, Cherry nectar" və "Helma Fruits, Peach nectar" sözləri yazılmış etiketlər aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar "Düşes" və "Tərxun" sərinləşdirci içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 449 litr sərinləşdirici içkinin, mənşəyi məlum olmayan 10 kq qatqının, üzərində məhsulların adları Azərbaycan dilində göstərilməyən 9,3 kq etiketin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Emin Hacıyevə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar