Yolun 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.
Qala-Pirallahı avtomobil yolu yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6, 14,7 km-i isə 4 hərkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yolqovşağı, 1 yeraltı piyada keçidi nəzərdə tutulub.
“Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib.
Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir.
Yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.
Qeyd edək ki, yol Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tikilir.