Cəlilabad rayonu Göytəpə qəsəbəsində 85 yaşlı Niftulla Abışov 35 manat telefon borcu olduğuna görə məhkəməyə verilib. Niftulla Abışov ANS-ə yazdığı şikayət məktubunda bildirib ki, telefonuna 35 manat əlavə borc yazılıb: «Göytəpə rabitə idarəsinin müdiriyyəti də borcla bağlı məni məhkəməyə verib».
Göytəpə qəsəbəsinin rabitə sahəsinin rəisi Əsgərağa Məmmədov isə bildirib ki, Abbasov Niftullanın heç bir hüququ pozulmayıb: «Rabitə Nazirliyinin qoyduğu qadağaya əsasən ondan aylıq telefon rusumu və şəhərlərarası danışıq rusumlarının yığılması tələb olunub. İdarə tərəfindən vətəndaş məhkəməyə verilib. Hazırda məhkəmənin qərarına əsasən pensiyasından az-az tutulur.
Abışovlar ailəsinin aylıq telefon rüsumu 22 manat 15 qəpik, şəhərlərarası danışıq borcu isə 13 manat 25 qəpikdir. Borcun yaranmasına səbəb isə vətəndaşın uzun illər aylıq telefon rüsumunu ödəməməsidir».
Qeyd edək ki, İkinci Dünya Müharibəsi veteranı olan Niftulla Abışov uzun illərdir ki, yataq xəstəsidir. Onu aylıq pensiyası isə 80 manatdır. /ANS TV/