3 hakim işdən azad edilib
05 Fevral 2010 Cümə 14:30
3 hakim ciddi nöqsan və qanun pozuntularına yol verdiklərinə görə işdən çıxarılıblar
Məhkəmə-Hüquq Şurasının Ali və Apellyasiya Məhkəmələrinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, bütün Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin iştirakı ilə geniş iclası keçirilib.
Məhkəmədən Turana verilən məlumata görə, iclasda bir sıra hakimlər tərəfindən ciddi nöqsan və qanun pozuntularına yol verilməsinin davam etdiyi bildirilib.
Qeyd edilib ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilmir, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol verilir, qeyri-prinsipiallıq göstərilir.
Aparılmış müzakirələrin nəticələri üzrə bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın, Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Famil Nəsibova, Suraxanı Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevaya, Əzizbəyov Rayon Məhkəməsinin hakimi Fatma Miriyevaya, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevə, Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovaya, Nizami Rayon Məhkəməsinin hakimi Şahin Atakişiyevə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya töhmət verilib, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevə və Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənova irad tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar