294 gənc Polis Andı qəbul edib
14 May 2011 Şənbə 20:00
DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində dinləyicilərin andiçmə mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2011-ci tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov da iştirak edib.
Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə Məktəb rəhbərliyi və komandir-müəllim heyəti tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunan uğurlu nəticələr barədə məlumat verib.
Təntənəli mərasimdə çıxış edən nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından mərasim iştirakçılarını təbrik edib, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb, vətənə və xalqa sədaqətli olmağı tövsiyə edib. Bu gün and içən 294 gənc polis nəfərinin daxili işlər orqanlarında xidmətə başlayacağını qeyd edən nazir müavini prezident İlham Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayıb. Daxili İşlər Orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bütün tədbirlərin görüldüyünü, o cümlədən ”Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı»nın təsdiq edildiyini, bu istiqamətdə müvafiq addımların bu gün də atıldığını xatırladan Ə. Ələkbərov polisin müasir texnika və avadanlıqla təchizatının yaxşılaşdırılmasına, şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə, ümumilikdə, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin uğurla davam etdirildiyini bildirib.
Ə.Ələkbərov qeyd edib ki, keçən il və cari ilin ötən müddətində daxili işlər orqanları üçün ümumilikdə 37 müxtəlif təyinatlı obyekt inşa edilib, bu qəbildən bir neçə tikilinin, o cümlədən DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi üçün yeni yeməkxana və yataqxana kompleksinin də Azərbaycan Polisinin peşə bayramı gününədək istifadəyə veriləcək.
Sonda dinləyicilər təntənəli şəkildə "Polis Andı"nı qəbul ediblər. Bundan sonra gənc polis əməkdaşlarının atəş hazırlığı və əlbəyaxa döyüş növü üzrə nümunəvi çıxışları olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: