Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ən yaxşı məqalə və Ən yaxşı video material üzrə müsabiqə elan edir. 1-ci 2500 manat qazanır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir.
ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edir.
“Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün 3 oktyabr 11:00-da BMM-də mətbuat konfransı keçiriləcək.
Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, MHM-nin direktoru Nail Mərdanov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və digər mütəxəsislər iştirak edəcək.
Təqdimat mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət” mövzusunda çıxış edəcəkdir.
Müsabiqənin şərtləri mətbuat-reliznə əlavə olunur:
Müsabiqənin məqsədi və vəzifələri
- Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq;
- Elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq;
- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;
- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:
- Elektron Hökumət nədir?
- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?
- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?
- Elektron Hökumətin cəmiyyət üçün faydaları.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;
Müsabiqənin tələbləri:
1.Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.
2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın 10- dək aparılacaq.
3.Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər.
4.Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir.
5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır.
6. Video 1 -5 dəqiqəlik olmalıdır.
7.Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.
8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
9. Hər bir məqalə və süjet də “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir.
10. Qiymətləndirmə zamanı iştirakçının “Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.
9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir -
[email protected].
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək. İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin internet ünvanını Təşkilat Komitəsinə (
[email protected].) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır.
Müsabiqənin mükafat fondu:
“Ən yaxşı məqalə” üzrə “Ən yaxşı video material” üzrə
1-ci yer - 2500 manat 1-ci yer - 2500 manat
2-ci yer - 1500 manat 2-ci yer - 1500 manat
3;4;5 yer – noutbuk 3;4;5 yer - noutbuk
Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.
Müsabiqə barədə daha geniş məlumatları www.e-gov.az Elektron hökumət portalından, eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar. Əlaqə telefonları: 157, (012) 5984271. Faks: (012) 565 14 52.