23 mərtəbəli avtodayanacaq istifadəyə verilib
06 Avqust 2009 Cümə Axşamı 09:25
Hər tərəfi şüşə ilə örtülü olan 23 mərtəbəli avtodayanacaq 160 avtomobil tutur

Bakıda 23 mərtəbəli avtodayanacaq istifadəyə verilib. Nizami metrosu yaxınlığında yerləşən və hər tərəfi şüşə ilə örtülü olan dayanacaq 160 avtomobil tutur. Bir avtomobilin aylıq dayanma xərci 150 manatdır. Bura ayda dörd dəfə pulsuz yuma və ildə bir dəfə cilalama, təkərlərə hava vurulması və hər gün avtomobilin salonunun təmizlənməsi daxildir. Bundan başqa, avtomobil dayanacağa gətiriləndə tam yoxlanılır, onun hansı vəziyyətdə olması sahibinin yanından müəyyənləşdirilir və doldurulan anketlərdən biri avtomobil sahibinə verilir, digərisə avtodayanacaqda qalır.

Həmin avtodayanacaqda bir neçə saatlıq da avtomobil saxlamaq mümkündür, bunun üçün hər saatına 50 qəpik ödəniş edilir.

Avtodayanacağı Cənubi Koreya şirkətlərindən biri quraşdırıb. Parkın rəhbəri Anar Tağıyevin dediyinə görə, avtomobillərin saxlama qiymətinə sığorta da daxildir. Avtomobillərin dayanacaqdan düşürülməsi və qaldırılması mexanizminə gəlincə, avtomobilin və onun saxlandığı boksun nömrəsi kompüterin yaddaşına salınır və bundan sonra avtomatik olaraq avtomobil qaldırılıb-endirilir. Əgər avtomobil boksda düz dayanmayıbsa, mexanizm ümumiyyətlə işə düşmür.

Burda uzaq məsafədə dayanan avtomobilin həmin parka aparılması xidməti də var. Anar Tağıyev deyir ki, sadəcə avtomobil sahibi onlara zəng edir və «evakuator»ların köməyilə avtomobil həmin dayanacağa daşınır.

Amma bu avtodayanacaqda heç də bütün avtomobillər üçün deyil. Məsələn, Mersedes S-600, Hammer H-2 və BMV 745 markalı avtomobillərinin ölçüləri dayanacaqdakı boksların ölçülərinə uyğun gəlmədiyindən bu maşınlar həmin dayanacaqlara qəbul edilmir. Amma parkın rəhbəri deyir ki, bu Azərbaycanda ilk belə dayanacaqdır və yenisi tikəndə bu ölçülər də nəzərə alınacaq./Azadliq radiosu/



DOSTLARINLA PAYLAŞ:

oyunlar