2012-ci il dünyadan və bizdən kimləri qopardı?
31 Dekabr 2012 Bazar Ertəsi 17:11
Bu il itirdiklərimizi yada salırıq
Artıq 2012-ci təqvim ilini yola salmağımıza 9 saatdan az vaxt qalıb. Bu gün 2012-də qazandıqlarımızı saymaqla yanaşı, itirdiklərimizi də yada salırıq.
İlin ən böyük itkisi dünya estradasının “qara brilyant”ı Uitni Hyustonun ölümü oldu. Fevralın 11-də Los Ancelesin “Beverli-Hilton” otelində 48 yaşlı müğənninin cansız cəsədi tapıldı. Hyustonun qəfil ölümü sənət dünyasını və onu sevən milyonları sarsıtdı.
Eyni gündə Azərbaycanın musiqi ictimaiyyəti də yas içindəydi. Fevralın 11-də Hyustonla bir gündə Azərbaycan bəstəkarı Elza İbrahimova, Bəxtiyar Vahabzadənin təbirincə desək “mahnı janrında lövhə ustası” 74 yaşında dünyasını dəyişdi. “Gecələr bulaq başı”, “Onun zümzüməsi”ni gözümüz qarşısında canlandıran bəstəkarın cansız bədəni II Fəxri xiyabana tapşırıldı. Ondan yadıgar qalan çoxlu mahnılar, bir də sənət dostlarının xoş sözləri idi.
Sənət dünyasına daha bir zərbəni Yaşar Nuri vurdu. Uzun sürən xəstəlikdən aktyoru nə həkimlər xilas edə bildi, nə də bunu Yaşar Nurinin özü bacardı. Sonda ölüm qalib gəldi. Səhnədə heç bir rəqibinə uduzmayan aktyor ölümə uduzdu. Ağ bayraq qaldırdı. Halbuki, bu onun üçün çox tez idi.
Yaşar Nuri cəmi 62 il ömür sürmüşdü. Onun arzuları, oynamaq istədiyi rolları vardı. Amma təbii ki, ölüm kimi hara apardığının fərqində deyil. Əks halda, dünya kinosunun ən tanınmış isimlərindən olan Maykl Dunkanı da cavanlığına və istedadına bağışlayardı. Hollivudun bu məhşur ulduzunu Azərbaycan tamaşaçısı tanımamış deyil. Düzdür, “Yaşıl mil” filminin qəhrəmanını “Yaşıl eynəkli adam”ın Kazımı qədər sevməyə bilərik. Amma dünya onu tanıyır və sevirdi. O da sevirdi bir gözəl xanımı. İngiltərə mətbuatına bu qış onunla evlənəcəyini açıqlamışdı. Amma ölümün gözü də ona düşmüşdü və o, Dunkanı sevdiklərinə yox, özünə təslim etdi. Bu ölümün xüsusiyyətidir.
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, hamımızın müəllimi, Baki Dövlət Universitetnin professoru və nəhayət Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərovla da 2012-ci ildə vidalaşdıq. Avqustda o dünyasını dəyişdi, noyabrda Budaq Budaqov.
Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov həqiqətən də Azərbaycan elminin qollu-budaqlı, nəhəng simalarından biri idi. O coğrafi təkanların, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasinı, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini tərtib etmişdi. Bu gün onunla II Fəxri xiyabanı daha bir akademikimiz - Midhət Abbasov bölüşür. Onlar akademiyada da çiyin-çiyinə çalışıblar. Elə qəbirləri də yanaşıdır.
Keçmiş təhsil naziri Lidiya Rəsulova da onlarla eyni sıranı bölüşür. Bu il mərhum yazıçı Süleyman Rəhimovun oğlu, Şamo Arif də dünyasını dəyişdi. “Qınamayın məni” romanının müəllifi bu ilin yayında, 76 yaşında vəfat etdi.
Hər birinin ruhu şad olsun. 2012-ci il onların ili olmadı. Qoy 2013 hər birimizin ili olsun.
DOSTLARINLA PAYLAŞ: