15 min məhbusun 9 mindən çoxu təkrar cinayət törədənlərdir
24 Yanvar 2011 Bazar Ertəsi 23:00
Onlar cəmiyyətdə özlərinə tapmadıqları yeri təkrarən həbsxanada görən şəxslərdir.
Azərbaycanda olan 15 min məhbusun 9 mindən çoxu təkrar cinayət törədənlərdir. Tikanlı məftillərlə əhatələnmiş ərazilərdə insanların məsumluğuna dəmir barmaqlar arasından düşən kölgə nə yazıq ki, qapının o üzündə də itmir. Bu gün həbsxanalarda 14 min 500 məhbus cəza çəkir ki, onların da 9 min nəfərindən çoxu məhz cəmiyyətdə özlərinə tapmadıqları yeri təkrarən həbsxana divarları arasında görənlərdir.

Belə ki, 2008-ci ildə cinayət məsuliyyətinə cəlb olunanlar arasında 1500 nəfərdən çoxu əvvəllər məhkum edilənlərdir ki, bu göstərici 2007-ci illə müqayisədə 4,3 faiz çoxdur. Ötən ilin statistikasını da bura əlavə etsək, yenidən həbsxana qapısını döyənlərin sayı 70 faiz olacaq. Ekspertlər bunu məhkumların sosial adaptasiyasının həyata keçirilməməsi ilə izah edirlər. Araşdırmalar zamanı məlum olur ki, həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda isə iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək, həbsxanaya qayıdır. Cəmiyyətdə özünü doğrulda bilməyən məhkumlar istənilən bir cinayəti törədərək çalışırlar ki, özləri üçün müəyyən mənada sığınacaq yeri olan həbsxanalara qayıtsınlar.

Məhkumların readaptasiyası isə əslində həbsxananın özündə başlamalıdır ki, burada məşğuliyyət əsas şərtdir. Məhbus üçün ən çətin şey özünə məşğuliyyət tapıb, vaxt keçirməkdir. Bu həm də onlara qaranlıqdan işığa çıxarkən özlərini itirməyib, tapmaları üçün lazım olsa da, araşıdırmalar göstərir ki, cəzaçəkmə müsəsisələrində məhkumların 85 faizinin heç bir məşğuliyyəti yoxdur.

Qeyd edək ki, Sovet dönəmində koloniyadan çıxanlara işlə təmin olunmaq məqsədilə hökmən göndəriş verilirdisə, indi buna o qədər də məhəl qoyulmur. Halbuki, azadlığa çıxmış şəxslərin təkrar cinayətkar olmasının qarşısını almaq üçün hələ 2007-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun qəbul edilib. Həmin qanuna görə, ölkədə sosial adaptasiya mərkəzləri yaradılmalı, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi yardım göstərilməli, onlar müvəqqəti yaşayış yeri və işlə təmin edilməlidir. Eyni zamanda dövlət keçmiş məhbuslara birdəfəlik pul müavinəti-300 manat da verməlidir. Hətta 2008-ci ilin dövlət büdcəsində bu qanundan irəli gələn məsələləri həll etmək üçün 200 min manat vəsait ayrılsa da, ortada iş yoxdur. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, bu işə cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi öz işini əsasnamə hazırlayaraq Nazirlər Kabientinə göndərməklə bitmiş hesab edir ki, sonuncudan da indiyə qədər səs-soraq çıxmır. Barmaqarası baxmağımız isə insanları yenidən dəmir barmaqlıqlara məhkum edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar