12 min abonentə nə vaxt qaz veriləcəyi bilinmir
25 May 2010 Çərşənbə Axşamı 21:30
Fəalkət zonasındakı 2 kilometr qaz xətti təmir olunmalıdır.
Sel sularının ciddi ziyan vurduğu Qazməmməd-Astara magistral qaz kəmərində yaranan problem 12 min abonenti qazsız qoyub. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi dəymiş ziyanın miqdarını müəyyənləşdirir.
Mayın 24-ü səhər saatlarında Kürdə suyun səviyyəsinin artması nəticəsində Sabirabadın Azada kəndini subasması Qazməmməd-Astara magistral qaz kəmərinin bu ərazidəki qolunda qaz sızmasına səbəb olub. Daha dəqiq, qəza Azada kənd qaz paylayıcı stansiyasındakı krandan sonrakı hissədə diametri 500 millimetr olan qaz xəttində baş verib. Selin təxminən 100 metr uzunluğunda qaz borusunu yuyaraq aparması nəticəsində 3 rayona - Sabirabad, Saatlı və İmişli rayonlarına qazın verilməsi dayandırılıb. Ümumilikdə 3 rayonun 12 min abonenti qazsız qalıb.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin müdiri Vaqif Namazovun sözlərinə görə, qazın təzyiqi həmin ərazidə yüksək olduğundan itkiyə az yol verilsə də, ziyan ümumilikdə böyükdür və hazırda onun miqdarı müəyyənləşdirilir. “Azəriqaz” rəsmisi bildirib ki, daşqınlardan ziyan çəkən kəndlər mavi yanacaqla təmin edilmirdi, bu səbəbdən də qazın verilişinin dayandırılması yalnız şəhər mərkəzlərindəki abonentlərə, idarə və müəssisələrə şamil edilib.
Qazın verilişinin nə vaxt bərpa ediləcəyinə gəlincə Vaqif Namazov bunun ərazidə sıradan çıxmış 2 kilometr qaz xəttinin təmirindən sonra mümkün olacağını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: