10 il əvvəl polisi qətlə yetirmiş şəxs yaxalandı
24 Aprel 2014 Cümə Axşamı 12:36
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Daxili İşlər Nazirliyi və Respublika Baş prokurorluğunun mətbuat xidmətlərindən ANS PRESS-ə verilən birgə məlumata görə, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami rayon Mühafizə İdarəsinin polisi Asif Həmidovu qətlə yetirib və ona məxsus “Makarov” tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranan münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurub. Huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə “Makarov” tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar