Şamaxıda torpaq sürüşməsi baş verib
04 Aprel 2009 Şənbə 22:40
Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi baş verib. Nəticədə iki ev dağılıb, 40-a yaxın evə isə zərər dəyib.
APA-nın yerli bürosunun xəbərinə görə, Muğanlı kənd sakinləri Səfərov Firudin Həbiş oğlu və Əzizova Reyhan Ağamalı qızına məxsus yaşayış evləri torpaq sürüşməsi zamanı uçaraq tamamilə yarasız hala düşüb. Kənddəki 40-a yaxın evin divarlarında isə böyük çatlar əmələ gəlib.

Muğanlı kəndinin icra nümayəndəsi Təyyar Şeydayevin APA-ya deyib ki, Muğanlının 20 hektar torpaq sahəsinin 10 hektardan çoxu sürüşmə zonasına daxildir: “Muğanlı kəndinin ərazisi 1986-cı ildən sürüşmə zonası kimi qeydiyyata alınıb. O vaxtdan bəri müxtəlif illərdə kənddə 30-a yaxın ev və həyətyanı sahə yaşayış üçün təhlükəli vəziyyətə düşdüyünə görə ərazidəki insanlar başqa yerlərə köçürülüblər. Həmin evlərin sakinlərinə yeni torpaq sahəsi və müxtəlif məbləğdə yardımlar verilib. Qismən qəza vəziyyətində olan evlər təmir edilib".

T. Seyidovun sözlərinə görə, torpaq sürüşməsinin sürətlənməsinə son günlər yağan intensiv yağışlar səbəb olub. Torpaq sürüşməsi davam etdiyi üçün evlərdəki çatlar da getdikcə böyüyür və artır.

Faktla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat verilib və nazirliyin əməkdaşları əraziyə baxış keçiriblər.

Qeyd edək ki, Şamaxı rayonunda torpaq uçqununa meyilli ərazilərdən olan Sağyan kəndində də bir neçə gün öncə torpaq sürüşməsi zamanı bəzi evlərə maddi ziyan dəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar